QUBADA HACIYEVLƏR ERASININ SONU YAXINLAŞIR
Baxılıb: 532 Tarix: 31-05-2019 12:43
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 20-də keçirilən iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov Maliyyə Nazirliyinin fəaliyyətini tənqid etdi: "Maliyyə Nazirliyi il boyu bir dəfə də tədbir keçirib, vacib məsələlərin müzakirəsinə imkan yaratmır. Təklif edərdim ki, nazirlik beynəlxalq təşkilatlarla birgə ildə heç olmasa bir dəfə investisiyalarla bağlı müzakirələr aparsın. Bununla bağlı bizə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.
V.Əhmədov millət vəkili seçildiyi Quba rayonunun yol problemlərindən də danışıb: “Qubanın Qonaqkənd ərazisində son 70 il ərzində yol çəkilməyib. Rayonda 5 çay var, lakin indiyə qədər çayların üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son 2 ildə körpülər salınır”.
Məlum olduğu kimi, Vahid Əhmədov "lal" deputatlardan deyil, istər Milli Məclisdə, istərsə də təmsil etdiyi rayonun ictimai həyatında fəallığı ilə həmkarlarından seçilir. Amma burada bir məqamın altını cızmağa dəyər: Belə bir tendensiya mövcuddur ki, hər hansı deputatın hansısa nazirliyə münasibəti o deputatın təmsil etdiyi rayonda həmin nazirliyin struktur vahidinin fəaliyyətinə münasibətilə düz mütənasib olur. Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin işi isə arzuolunan səviyyədən xeyli aşağı qiymətləndirilir.
Diqqət yetirilməli ikinci məqam isə Vahid müəllimin bölgədəki yol problemindən danışmasıdır ki, bu da təsadüfi olmaya bilər. Burada qeyd etməyə dəyər ki, 4 saylı Yol İstismar İdarəsinin rəisi İsgəndər Hacıyev Ruslan Hacıyevin atasıdır. Xəstə olduğu üçün tez-tez xarici ölkələrə müalicəyə gedir. Amma bu səbəbdən öhdəsindən gələ bilmədiyi vəzifəsini də əlindən buraxmaq istəmir. Bildirildiyinə görə, İsgəndər müəllim kreslosunu qorumaq üçün təkcə öz rəhbəri - "Azəravtoyol" Dövlət Agentliyinin sədri Saleh Məmmədovun deyil, həm də Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin ətəyindən yapışıbmış ki, bu da təbiidir. Xüsusi vurğulamağa dəyər ki, əvvəllər avtoyol təsərrüfatında işləmiş hazırki dövlət qulluqçusu Ziyəddin Əliyev üçün sahibkarlıq fəaliyyəti qanunla yolverilməz sayılsa da, bu yaxında açıqlanan jurnalist araşdırmalarına görə, onun Ukraynanın Lvov vilayətinin Nikolayev şəhərində 9 milyon dollar vəsait qoyaraq açdığı "Alov" asfalt zavodu var. Fəaliyyəti təkcə asfalt istehsalı ilə məhdudlanmayan “Alov” həm də yol, körpü, tunel çəkilişləri üzrə böyük sifarişlər qəbul edir. Ukrayna mediası iddia edir ki, “Alov” tenderlərdə rüşvət yolu ilə qalib çıxır.
"Alov" zavodunun ilk direktoru isə İsgəndər Hacıyevin digər oğlu Vüqar Hacıyev olub. Lakin onun direktorluğunun ömrü cəmi 40 gün (17 may 2017 - 26 iyun 2017) çəkib. Məlum olmayan səbəbdən Vüqar Hacıyev direktor vəzifəsindən kənarlaşdırılıb. Elə həmin vaxtdan Ziyəddin Əliyevin Hacıyevlərlə münasibətləri də "sərinləyib" və deyilənə görə bu "soyuq müharibə" indi də davam etməkdədir.
İsgəndər Hacıyev öz müalicəsinə və istirahətinə külli miqdarda pul xərcləməsi qarşılığında «4 saylı Yol İstismarı İdarəsi" MMC - nin balansındakı asfalt- beton zavodu 2013-cü ildən, daş doğrayan qurğu 2015-ci iln sonlarından işləmir. İdarənin öz təmir sexi və avadanlıqları yoxdur.
Bir də o bəllidir ki, İsgəndər Hacıyev daha Ziya Məmmədovun nəqliyyat naziri olduğu on il əvvəlki dövrdəki kimi "at oynada" bilmir. Xatırladaq ki, İsgəndər Hacıyevin 2009-cu ildə "Kamaz" sürücüsü Mehman Əmirquliyevin nəqliyyat müfəttişləri tərəfindən döyülməsini təşkil etməsi xəbəri yayılmışdı. Hətta istintaqa ifadə də vermiş, amma əlaqələrinin və geniş imkanlarının hesabına "sudan quru çıxmağı" bacarmışdı.
Məqalədə adları keçən şəxslərə mövqelərini bildirmələrini təklif edirik.
Pünhan ŞÜKÜR
Ən çox oxunanlar
Son xəbərlər