"Aslan" MTK-dan edilən şikayətlərin Prezidentə çatmasına kim mane olur
Baxılıb: 818 Tarix: 01-07-2019 13:12
60 yaşı tamam olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olundu. İnanırıq ki, bu təltifat Fuad müəllimi və onun rəhbərliyi altında işləyən şöbə əməkdaşlarını dövlətə və xalqa xidmət yolunda daha böyük uğurlar qazanmağa sövq edəcək.
Şöbə müdirinin müavini Gülnar Akif qızı Rəsulova iki ildir hazırki vəzifdədədir. Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adı alıb. Onun da uğurlarını hamı alqışlayır. Amma deyəsən bu "hamı"nın arasında istisnalar da var. Məsələn, yaşadığı "Aslan" MTK-nın Bakı şəhəri Mirəli Qaşqay küçəsi, 748-ci məhəllədə yerləşən binasındakı qonşuları ondan gileylənirlər: "Lift xarab olduğu üçün bəzi qonşular pul yığıblar, bəzilərinin buna imkanları yoxdur. Liftə kart taxdırıb. Özü də hamıya deyir ki, pul verməyənlər minməsin. "Aslan" MTK-nın rəhbəri Fərhad Abbasovla, onun bacısı və qardaşı ilə çox yaxın münasibətdə olduğu üçün onların tərəfini saxlayır".
Xatırladaq ki, "Aslan" Mənzil Tikiniti Kooperativinə rəhbərlik edən Fərhad Abbasov Azərbaycan parlamentinin keçmiş üzvü, 2005-2010-cu illərdə deputat olmuş Lalə Abbasovanın qardaşıdır. Daha əvvəl şirkət digər qardaş Rafiq Abbasovun adına olub, sonradan Fərhadın adına rəsmiləşdirilib. İndiyədək binanın sakinlərinin MTK rəhbərliyindən çox şikayətləri KİV-ə çıxıb. Gah mənzil sahiblərinin kvadratmetrlərdə aldadıldığı, sənədləşmə üçün əlavə pul istənildiyi xəbəri yayılıb. Bir ara söz çıxdı ki, binada yaşayan 10-a yaxın sakin F.Abbasovu məhkəməyə veriblər. Səbail Rayon Məhkəməsində işə baxılarkən F.Abbasov halının pisləşdiyini bildirib və bundan sonra müalicə almaq üçün vətəndaşı olduğu İspaniyaya gedib. Məhkəmə isə iddiaçıların tələbini təmin etməyib. F.Abbasov sonradan məhkəmədə səhhəti pisləşdiyi üçün və dəymiş ziyana görə sakinləri məhkəməyə verib, 14 min manat təzminat istəyib. Amma məhkəmə onun da iddiasını təmin etməyib. Bütün bunlarla bağlı sakinlər prezidentə də müraciət ediblər. Amma görünür, Fərhad Abbasovun Administrasiyadakı dostları həmin şikayətlərin ölkə başçısına çatmasına mane olublar.Yazıda adları çəkilən şəxslərin mövqeyini çap etməyə hazırıq.
Pünhan Şükür
Ən çox oxunanlar
Son xəbərlər