İranda Qarabağ çağırışı: onminlər hazır gözləyir
Baxılıb: 469 Tarix: 07-03-2019 11:58
Güney Azərbaycanın milli-mədəni fəalları "Traktor" - "Maşınsazi" oyunu ilə bağlı audio-çağırış yayımlayıblar.
Qanunvehedef.az xəbər verir ki, fəallar Təbrizin “Traktor” komandasının bu gün baş tutacaq oyununda azarkeşləri qeyd etdikləri dəqiqələrdə milli şüarlar səsləndirməyə çağırıblar.
Milli-mədəni fəal Davud Əzimzadə oyunun 27-ci dəqiqəsində səsləndiriləcək şüar ilə şəhidləri yad edəcəklərini deyib:
“Salamlar və sayğılar Azərbaycan millətinə! Özəlliklə gənc, milli düşüncəli “Traktor” tərəfdarlarına! Qarabağ problemi milli hərəkatımızın önəmli məsələlərindəndir. Millətçi dostlar, gəlin həmişəlik 27-ci dəqiqəni Qarabağ məsələsinə həsr edək. “Qarabağ bizimdir, bizim qalacaq”... Hər matçda, xüsusilə bugünkü oyunun 27-ci dəqiqəsində bu şüarı səsləndirək və Qarabağı yad edək. Məzlum şəhidləri, Qarabağı yad edək. O məsum körpə balalar ki, bir şəkildə daşnakların əli ilə şəhid oldular, onları unutmayaq. Bu qəziəni unutmayın... Xahişimi də unutmayın, hər matçın 27-ci dəqiqəsində bu şüarı səsləndirək: "Qarabağ bizimdir, bizim qalacaq!”
Digər milli-mədəni fəal Höccət İlhami isə aksiyaların mərkəzinin “Qurdlar dərəsi” olduğunu xatırladıb:
“Keçən həftə Paşinyanın səfərinin ardınca Azərbaycan milli hərəkatında böyük bir tərpəniş yarandı. Əlbəttə ki, bu aksiyaların mərkəzi “Qurdlar dərəsi” – “Səhənd” stadionu oldu. Amma bizim Qarabağ dərdimiz torpaqlarımız daşnakların əlindən azad olmayana qədər sağalmayacaq. “Azərbaycan kimləri, fərq eləməz rəngləri”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları ilə yanaşı, 15-ci dəqiqədə “türk dilində mədrəsə olmalıdır hər kəsə”, 25-ci dəqiqədə “Azərbaycan qızları göylərin ulduzları”, 27-ci dəqiqədə isə “Qarabağ bizimdir, bizim qalacaq” şüarları səsləndirilsin! Demək, damarlarımızda coşan qan kimi Qarabağı hər zaman coşqun saxlamalıyıq. Ona görə də bir oyun deyil, hər oyunun 27-ci dəqiqəsində bu şüar ürəyimizdən hayqırıb çıxmalı, düşmənlərimiz də bu səsimizi eşitməlidir. Bu, təkcə bir səs, şüar deyil. İnşallah, vaxtı gələndə azadlıq günlərini də görərik. Yaşasın millətimiz, yaşasın, öndəgedən bacı-qardaşlarımız. Və yaşasın bu milli-mədəni şüarları stadionda səsləndirən qeyrətli cavanlarımız”.
Qeyd edək ki, bu gün saat 15:30-da “Səhənd” stadionunda iki Təbriz komandası – “Traktor” ilə “Maşınsazi”nin oyunu baş tutacaq.
Ən çox oxunanlar
Son xəbərlər