Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“ÜÇ GOMBUL” BİZİ NECƏ SOYUR? – Azərbaycanda 1gb internet 5 manata, Ukraynada 20gb cəmi 4 manata…

Baxılıb: 868     Tarix: 03-08-2018 18:05   

Mobil rabitə xidmətindəki bahaçılıq Azərbaycan əhalisinə ildə 1 milyard manata başa gəlir!



İnhisarçılığın ölkə iqtisadiyyatına və əhalinin sosial durumuna vurduğu ziyanın ən bariz formada özünü əks etdirdiyi sahələrdən biri Azərbaycanın mobil rabitə sektorudur. Göstərdiyi xidmət səviyyəsinə və texniki göstəricilərinə görə “3-ü birinə, 1-i də heçə dəyməyən” və “cırıq üçlüyü” xatırladan şanlı mobil operatorlarımızın xüsusilə də qiymət siyasətinin dünyada analoqu yoxdur. Belə ki, bir çox digər ölkələrin mobil operatorları ilə müqayisə apardıqda görünür ki, bizim “cırıq üçlüyün” qiymət siyasətinin bircə adı var – SOYĞUNÇULUQ!
Bu “üç muşketyorun” qəhrəmanlığının digər ölkələrlə müqyisədə bizlərə nə qədər baha başa gəldiyini və bunların bizi necə taladıqlarını göstərmək üçün postsovet məkanına aid bircə misal göstərmək kifayətdir. Məsələn, əhalisinin yaşayış səviyyəsinə görə Azərbaycandan çox da fərqlənməyən Ukraynada çoxlu sayda mobil operator fəaliyyət göstərir. Və bu operatorlar arasında bizdəkilərin evcik-evcik oyununu, cizgi filmlərini xatırladan saxta rəqabət görüntülərindən fərqli olaraq, əsl biznes savaşı hökm sürür. Bizimkilərin müştərilərə qarşı fırıldaqçılığa, oğurluğa, soyğunçuluğa köklənən yekəxana və yekəbaş münasibətindən fərqli olaraq, Ukraynadakı mobil operatorlar abunəçilərə olduqca üstün xidmət və keyfiyyət təqdim etmək üçün yarışırlar və bunun da nəticəsi olaraq, həmin xidmətlər abunəçilərə “su qiymətinə” başa gəlir.

Ukraynada 20gb cəmi 4 manata, Azərbaycanda isə 1gb 5 manata – bu necə olur?

Məsələn, Ukraynadakı mobil operatorlardan biri olan Lifecell şirkətinin təklif etdiyi şərtlərə və xidmətə baxanda, bizim əhalinin cibinə girib gündən-günə şişən “üç gombulu” topa qoyub atmaq istəyirsən. Təsəvvür edin ki, cəmi 60 qrivnə, yəni təqribən 4 manata aldığınız life nömrəsinin üzərində nə az-nə çox – 20 gb(!)internet, bütün operatorlarla 150 dəqiqə pulsuz danışıq və 150 sms verilir. Bu qiymətə nömrənin özü də daxildir. Müqayisə üçün bildirək ki, bizimkilər həmin qiymətə bundan 15-20 dəfə az internet verirlər. Məsələn, Bakcell və Azercell-də 5 AZN-ə cəmi 1 gb, NAR-da isə 3 AZN-ə cəmi 0.6gb internet verilir. Və buraya nömrənin özünün satış qiyməti daxil deyil ki, bu da əlavə 3-5 manat deməkdir. Gördüyünüz kimi, ortada ağlasığmaz dərəcədə böyük fərq var və bu fərq Azərbaycandakı abunəçilərə qarşı soyğunçuluğun danılmaz sübutudur. İnanmırıq ki, bu bahalığın inhisarçılıq və talançılıq hesabına varlanmaq istəyindən başqa hansısa izahı olsun. Çünki mobil operatorlar bütün dünyada təqribən eyni texnologiyalardan, eyni sayda işçi qüvvəsindən və s. istifadə edirlər. Yəni ki, xərclər təxminən eynidir. Hətta Azərbaycanda enerji daşıyıcılarının qiymətləri Ukrayna ilə müqayisədə 2 dəfəyədək aşağıdır ki, bu da bizim “üç görməmişin” xərclərini biraz da azaltmış olur. Bu o deməkdir ki, bizimkilər daha az xərclərin müqabilində təkcə internet paketləri üzərindən Ukraynadakı operatorlara nisbətən 20 dəfəyədək artıq qazanc əldə edirlər…
Keyfiyyətə və xidmət səviyyəsinə gəlincə isə, bu pozisiyalar üzrə də Azərbaycandakı və Ukraynadakı operatorları müqayisə etməyə belə dəyməz. Birincisi, orada nömrələr heç bir sənəd tələb edilmədən satılır. İstənilən marketdən mobil nömrəni alıb, dərhal da aktivləşdirmək olur. Görünür, bizim hüquq-mühafizə orqanlarından fərqli olaraq, ukraynalılar hər xırda anlaşılmazlığa görə abunəçilərin polis şöbələrinə çağrılıb, çək-çevir edilməsinin tərəfdarı deyillər. İkincisi, bizdəki kimi hər 3-5 gündən bir abunəçidən hesabına pul qoyması tələb olunmur. Yəni kontur yükləmədinsə, bir həftədən sonra nömrə bir tərəfli bağlandı, yaxud 1 ay keçdi iki tərəfli bağlandı kimi eybəcər və sırtıq şərtlər, tələblər yoxdur. Daha bir vacib məqam isə odur ki, heç kim sizdən xəbərsiz sizin nömrəni hansısa fırıldaqçı kampaniyaya və xidmətlərə qoşub, hesabınızdakı pulu sovurmaqla məşğul ola bilməz.

Mobil operatorların sahibləri kimlərdir?



Şirkətlərin fəaliyətindəki şəffaflıq da müqayisəyə gəlməyəcək səviyyədədir. Ukraynada bilinir ki, hansı operator kimə məxsusdur və kimlər tərəfindən idarə olunur. Məsələn, yuxarıda misal gətirdiyimiz Lifecell Turkcellə məxsusdur. Bizdə isə rəsmi məlumata görə, Bakcell və Nar keçmiş CRA, indi isə CDP-yə çevrilmiş böyük biznes imperiyası tərəfindən idarə olunur.
Biz yalnız Ukrayna nümunəsini gətirdik və daha geniş araşdırma aparılsa, digər bir çox ölkələrdə də bizdəkindən 10 dəfələrlə ucuz və keyfiyyətli mobil rabitə xidmətlərinin mövcudluğunun şahidi ola bilərik. Azərbaycanda meydan sulayan bu “üç gombula” isə hələ ki, “dur” deyən yoxdur. Elə bunun nəticəsidir ki, onların illik qazancı 1 milyard (!) manata yaxındır. Belə ki, rəsmi statistikaya görə, ötən ilin nəticələrinə əsasən, informasiya və rabitə xidmətlərindən əldə edilən gəlirin 49,6%-i və ya 856,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bir daha vurğulayırıq ki, hələ bu, rəsmi statistikanın təqdim etdiyi rəqəmdir. Və bu qədər pul bizim cibimizdən çıxır. O ki qaldı bu pulların kimlərin cibinə getdiyinə, necə deyərlər, bu da tamamilə başqa söhbətin mövzusudur…
Ölkə əhalisinin təkcə cibinə yox, həm də müxtəlif gic-gic kampaniyaları, fırıldaqçı sms-ləri ilə əsəblərinə qənim kəsilən bu “üçlüyü” dünyanın heç bir ölkəsində bir gün də saxlamazdılar. Belələrini istehlakçıların şikayətləri və hayasızcasına tətbiq etdikləri açıq inhisarçı və soyğunçu tariflər səbəbindən çoxdan məhkəmə qərarı ilə böyük məbləğdə cərimələyib, ölkədən qovmuşdular. Bizdə isə məlum səbəblərdən buna heç kimin cəsarəti çatmaz. Baxmayaraq ki, bu ölkənin hökuməti, Milli Məclisi və ən nəhayət, uzun və təmtəraqlı adı olan “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” var! Göründüyü kimi, bunlar hamısı var, ancaq maləsəf bu “üç gombula” bata bilən yoxdur…
шаблоны для dle 11.2



Ən çox oxunanlar