Cəlilabadda kriminal avtoritetə atəş açan şəxs cinayət məsuliyyətindən azad olunub
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda silahlı insident törətməkdə təqsirləndirilən İlqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ. Həsənov hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində tibbi xarakterli məcburi müalicə təyin edilib və Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Mərkəzinə göndərilib.
Qeyd edək ki, silahlı insident 2018-ci il iyunun 7-də Cəlilabadda baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini, kriminal aləmdə “Şahin” kimi tanınan Şahin Həsənovun yaşadığı evin qarşısına gəlib və odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb.
Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən İlqar Həsənov saxlanılıb.
Bundan başqa 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənovun evində axtarış aparılıb. Axtarış zamanı evdən xeyli sayda silah-sursat aşkarlanıb.
Polis tərəfindən Ş. Həsənov və S. Həsənov da saxlanılıblar.