FHN Hospitalının sabiq baş həkiminin cəzası 2 dəfə azaldıldı
Baxılıb: 627 Tarix: 23-08-2022 10:23
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və digər maddələrlə həbs edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Qanunvehedef.az-in Trend-ə istinadən məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, sabiq baş həkim İmran Ağayevin cəzası 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzası 3 il 6 aya endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, məhkəmə istintaqı zamanı polis nəzarəti altında olan Qulu Orucov isə 2 il dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
İstintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın "VİP korpus"larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Ən çox oxunanlar
Son xəbərlər