Azərbaycanlı xeyriyyəçiyə qarşı kampaniya - Sapı özümüzdən...
Baxılıb: 627 Tarix: 13-09-2018 15:07
Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan məşhur azərbaycanlı iş adamı Elçin Əhmədov Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İdarəsi tərəfindən federal axtarışa verilib. Həmyerlimiz barəsində qondarma cinayət işi üzrə qiyabi axtarış qərarı çıxarılıb. Məsələnin acınacaqlı tərəfi odur ki, Elçin Əhmədovun istintaqa cəlb olunması üçün maşa rolunda elə həmyerlilərimizdən istifadə olunmaqdadır. Hansılara ki, Elçin Əhmədovun yalnız yaxşılığı keçib, onlara darmacalda, əlləri hər yerdən üzüləndə maddi dəstək verib.
Ümumiyyətlə isə həmyerlilərimiz arasında nüfuz sahibi olan Elçin Əhmədov xeyriyyəçi kimi xarakterizə olunur. O, diaspor təşkilatlarında təmsil olunmasa da, darda olan, çətinə düşən həmyerlilərimizə dəstək verir, amma xeyriyyəçiliyi haqda kimsənin danışmasını da istəmir. Ona görə də bir çoxu Elçin Əhmədovu gizli xeyriyyəçi kimi tanıyır. Başına gələnlərin, üzləşdiyi haqsızlıqların da elə xeyriyyəçiliyi ilə əlaqələndirirlər.
Bu qondarma cinayət işi haqda Azərbayan mətbuatında, “Yeni Müsavat” qəzetində yazılar dərc olunub. Elçin Əhmədov “Aysel” və “AyBaRus” şirkətlərinin sahibidir. O, Rusiyada meyvə-tərəvəz biznesi ilə məşğuldur, kriminaldan uzaq biri insandır. O, uzun illərdir ki, Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə, hətta banan idxalı üzərində təbii monopoliyaya malik olub. Bu səbəbdən ona “Banan Elçin” ləqəbi veriblər.
Rusiyanın nüfuzlu nəşrlərindən olan “Kommersant” Elçin Əhmədovun şərlənməsi haqda silsilə yazılar dərc edib.
Qondarma ittihama görə, Elçin Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun “Sofiysk” bazasında quldur basqını həyata keçiriblər. Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin ictimai təhlükəsizliyə və şəxsiyyətə qarşı cinayətlərin araşdırılması üzrə baş müstəntiqləri qeyd edirlər ki, onlar Elçin Əhmədova qarşı ittiham irəli sürmək üçün “kifayət qədər sübutlar” toplayıblar. Faktiki isə belə sübutlar yoxdur. Bunu müstəntiqlər özləri də bilirlər. Amma varlanmaq, biznesmendən böyük pullar qoparmaq niyyətləri qanundan çox uzaq addımlarını şərtləndirir. Elçin Əhmədovun vəkilləri, özü də qanunsuzluqları bircə-bircə ifşa edir, bu haqda Rusiya Prezidentinə, Rusiya Baş prokuroru Yuri Çaykaya ardıcıl müraciətlər ünvanlayırlar. Odur ki, müstəntiqlər başladıqları qondarma işə qanuni don geyindirmək üçün bütün güclərini səfərbər ediblər. Elçin Əhmədovu nəyin bahasına olursa-olsun həbs edib istədikləri sənədlərə imza atdırmaq üçün əllərindən gələni edirlər. Onun barəsində federal axtarışı şərtləndirən məhz bu məqamdır. Hadisələrin başqa yöndə inkişafı Elçin Əhmədov barəsində qanunsuz qərarlar vermiş vəzifə sahiblərinə yaxşı heç nə vəd etmir. Odur ki, xeyriyyəçi həmyerlimizə elə həmyerlilərimizin əli ilə, onlardan istifadə etməklə tələ qurulub. Ağ parça üzərinə qara iplə vurulan yamaqlar göz deşir, bunu hamının gözü qarşısında edirlər. Və biznesmeni özgəsinin əmlakını ələ keçirmək üçün quldur basqını təşkil etməkdə, üstəlik zor tətbiq etməklə hədələməkdə ittiham edirlər.
İstintaqın versiyasına görə, 2015-ci il noyabrın 20-də səhər saat 9-dan 11-ə qədər Elçin Əhmədov və onun əməkdaşı Cavid Mansurzadə, habelə “müəyyən olunmamış şəxslər” bazarda “Royal” MMC tərəfindən icarəyə götürülmüş anbara “aldatma yolu ilə” daxil olublar. Onlar “müəyyən olunmamış və tapançaya oxşayan predmetdən” istifadə edərək hansısa Həsənova zor tətbiq ediblər, habelə hansısa Heydərovu hədələyiblər. Daha sonra “Royal” MMC-nin sahibi Novruz Xəlilova məxsus olan 12 milyon rublu “açıq-aşkar qəsb ediblər”. İstintaq E.Əhmədovun hərəkətlərini Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə kvalifikasiya edib, onu həmin maddələr üzrə 8 ildən 15 ilə qədər həbs gözləyir. Əhmədovu Sankt-Peterburqda tapa bilmədiklərinə görə müstəntiqlər ona qarşı ittihamı qiyabi elan etməyi qərara alıblar və biznesmenin barəsində federal axtarış elan ediblər. Lakin Elçin Əhmədov çoxdan Rusiyanı tərk edib, hazırda Azərbaycandadır və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan ediləcəyi gözlənilir. “Kommersant”ın məlumatına görə, ittihama əsas kimi Elçin Əhmədovun hərəkətlərindən zərərçəkən şəxsin və şahidlərin ifadəsi əsas götürülüb. Hansı ki, onlar quldur hücumu barədə nəyə görəsə 2 il yarım sonra xatırlayıblar və şikayət veriblər. İddia ediblər ki, soyğunçunun Elçin Əhmədov olduğunu KİV-lərdə onun fotosunu görəndən sonra biliblər.
Elçin Əhmədov özü isə “Kommersant”a deyib ki, zərərçəkən statusundakı şəxs hüquq-mühafizə orqanlarının tapşırığı ilə onu şərləyir. “Xəlilov və qohumları quldurluq, quldur hücumu və qətllərə görə cinayət işlərində fiqurantlardır. 3 il əvvəl bu iş üzrə irimiqyaslı əməliyyat keçiriləndə KİV-lər xəbər verdilər ki, şübhəlilərin onlarla qətldə əli ola bilər. Lakin nəyə görəsə məhkəməyə ancaq bir quldur basqını epizodu gedib çıxdı. Bu iş üzrə zərərçəkənin özü qətlə görə məhkum edilib”, - Elçin Əhmədov deyib.
Biznesmen deyir ki, 2015-ci ildə o, “Royal” MMC-də heç bir quldurluq etməyib. Və Xəlilovla onun arasında çoxdandır mübahisə var idi. Bu mübahisə Cənubi Afrika Respublikasından portağal idxalına görə yaranmışdı. “Ağsaqqallar yığışıb bu məsələni müzakirə edib qərara aldılar ki, heç kim heç kimə borclu deyil, amma mən hər halda Xəlilovların ailəsinə 250 min dollar ödədim ki, hamı rahat olsun”, - Elçin Əhmədov xatırlayır.
Elçin Əhmədovun ittiham olunduğu quldurluq barədə cinayət işi isə bu ilin may ayında başlanıb, amma işdə fiqurantlar yox idi. Bununla belə müstəntiqlər həmin cinayət işi əsasında Elçin Əhmədovun mənzillərində axtarış aparıb “Aysel” və “AyBaRus” şirkətləri barədə sənədləri götürüblər. Daha sonra vergi və digər nəzarət orqanları Elçin Əhmədovun biznesini yoxlamağa başlayıb.
Elçin Əhmədov Rusiya prezidentinə, Dövlət Dumasına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəndən sonra onun adı işdə şübhəli qismində keçməyə başlayıb. “Görünür, güc strukturlarının xoşuna gəlmədi ki, mən özümü fəal müdafiə edirəm”, - Elçin Əhmədov deyib.
O bildirir ki, həbs olunmayacağına dair zəmanət verilsə, Rusiyaya qayıtmağa və iş üzrə ifadə verməyə, şahidlərlə üzləşməyə və yalan detektorundan keçməyə hazırdır.
Elçin Əhmədov bir neçə ay əvvəl Bakıda “Yeni Müsavat”a bu iş barədə müsahibə verib, geniş danışmışdı.
Həmin müsahibəsində iş adamı demişdi ki, Xəlilovlara yardım məqsədi ilə verdiyi 250 min dollardan əlavə ondan 400 min dollar da tələb ediblər. Həmin müsahibəsində Elçin Əhmədov demişdi:
“2017-ci ilin payızında Novruz Xəlilov və qardaşları ona ortaq tanışları vasitəsi ilə bir ərizə göndəriblər. İmzalanmamış ərizədə yazılmışdı ki, guya onlara qarşı quldurluq etmişəm, Rövşən Muradovu oğurlayıb aparmışam, onlara məxsus olan pulu ələ keçirmişəm. Dedilər, 400 min dollar verməsən, ərizəyə imza atıb, İstintaq Komitəsindəki öz adamları vasitəsi ilə cinayət işi başladacaq, məni həbs etdirəcəklər. Buna əhəmiyyət vermədim, dedim ki, günahım varsa, məni həbs etdirin. Amma mən sizə kömək etmişəm, belə halda 250 min dolları geri tələb edəcəyəm. Həmin gün yaşadığım binanın mühafizəçisi ailəmə məlumat verib ki, maşınlarımızın ətrafında müəmmalı adamlar dolaşır. Mən xaricdə müalicədə idim deyə, əmim Üzeyir Əhmədov müşahidə kameralarının qeydə aldığı və maşınlarımız ətrafında şübhəlilərin hərəkətləri əks olunan videonu tələb elədi. Baxıb gördük ki, ailə maşınımın arxa hissəsinə adamlar nəsə quraşdırırlar. Məlum oldu ki, Xəlilovun qohumları Mobil və Qabil maşınlarımızın altına izləyici mayaklar quraşdırıblar, məni və yaxınlarımı güdüblər. Sonradan eşitdim ki, bütün bunlar Novruz Xəlilovun göstərişi ilə olub. Müalicədə olduğumdan aprelin 27-də əmim Üzeyir Əhmədov polisə baş verənlərlə bağlı ərizə təqdim edib. Mayın 3-də polis təhqiqata başladı. Məlumat Xəlilovlara çatandan sonra onlar İstintaq Komitəsindəki himayədarları vasitəsi ilə barəmdə saxta cinayət işi başlatdılar”.
Elçin Əhmədov bildirmişdi ki, rəsmi məlumatlarda qeyd olunur ki, guya Xəlilovlar 2018-ci il mayın 3-də İstintaq Komitəsinə ərizə ilə müraciət ediblər. Komitə də müraciət üzrə mayın 10-da fakta görə quldurluq maddəsi ilə cinayət işi başlayıb.
“Xəlilovların şikayət məktublarında yazılır ki, guya mən, menecerim Cavid və loqistlə birgə Xəlilovların ofisinə basqın edib 12 milyon rubl - 190 min dollar aparmışıq. Bu şikayəti əsas götürüb 2018-ci il mayın 29-da evimdə və bütün iş yerlərimdə xüsusi təyinatlılar axtarış apardılar, ailəmi, uşaqlarımı qorxutdular. Elə həmin günlərdə mənə bunların İstintaq Komitəsindəki əli təmiz olmayan səlahiyyət sahibləri ilə əlaqələrinin necə yaranması də məlum oldu. Deməli, 2015-ci ilin iyun ayında Sofiysk bazasında İstintaq Komitəsi əməliyyat keçirmişdi, Xəlilov qardaşlarının bacısının həyat yoldaşı Elvin Əhmədov, Novruz və Mübariz Məmmədov qardaşları, bir başqa şəxs həbs olunmuşdular. İstintaq Komitəsinin həmin o qanunsuzluq edən səlahiyyətliləri 2015-ci ildə şikayətçi kimi Əliyev soyadlı Şəmkirin İlmaşlı kənd sakininin şikayət ərizəsinə istinad edib adlarını çəkdiyim şəxsləri həbs etmişdilər. Əliyevin şikayət ərizəsində ona Sofiyski bazasındakı basqında Xəlilov qardaşlarının da iştirak etdiyi yazılıbmış. O vaxt Xəlilovlar İstintaq Komitəsinə çağırılmış və sonradan sərbəst buraxılmışdılar. Özləri orda-burda danışırdılar ki, İstintaq Komitəsi səlahiyyətlilərinə 150 min dollar verib canlarını qurtarıblar. Xəlilovların İstintaq Komitəsindəki səlahiyyətlilərlə münasibətləri də o dövrdən yaranıb. Oradakı səlahiyyətlilər hazırda Xəlilovlardan mənə qarşı maşa kimi istifadə edirlər. Xəlilovlara qarşı cinayət olmadığı kimi, 2015-ci ildə onlardan şikayət yazmış Əliyevə qarşı da basqın faktiki baş verməyib”.
Ən çox oxunanlar
Son xəbərlər