Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Separatçı Fəxrəddin Abboszadənin Azərbaycana ekstradisiyasının yubanmasında sirr pərdəsi

Baxılıb: 551     Tarix: 03-10-2018 10:32   
Azərbaycana qarşı fəaliyyətdə ittiham olunan Abboszadə barəsində Rusiya məhkəməsinin verdiyi bir aylıq həbs müddəti 7 oktyabrda başa çatır, əgər yaxın günlərdə...
Azərbaycana qarşı separatçılıq edən və sentyabrın 6-da Rusiya polisi tərəfindən saxlanılan "Tolişi Sədo" qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abboszadənin Azərbaycana ekstradisiyası xeyli müddət keçsə də, hələ reallaşmayıb. F.Abboszadə saxlanılandan sonra Azərbaycan Baş Prokurorluğu ilə Rusiya hüquq-mühafizə orqanları arasında bu işin mümkün qədər tez həyata keçirilməsi üçün müvafiq hüquqi işlərin həyata keçirilməyə başlandığı barədə xəbər yayılmışdı. Ancaq hələlik rəsmi açıqlanmayan səbəblərdən məsələ həllini tapmayıb.
Xatırladaq ki, Fəxrəddin Abboszadə sentyabrın 6-da Moskva vilayətinin Lüberets rayonunda həbs olunub. Rusiya KİV-i yazmışdı ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və bunun əsasında saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Lüberets Rayon Məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.
Fəxrəddin Abboszadə Ələkrəm Hümmətov tərəfindən 1993-cü ildə yaradılmış qondarma "Talış-Muğan Respublikası Milli Məclisinin sədri" təyin olunmuşdu. Ölkə ərazisinin bölünməsinə yönəlmiş separatçı fəaliyyətinin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan Abboszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus KİV-də də Azərbaycana qarşı separatçı çıxışlar edib. F.Abboszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu güman edilir.
Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan F.Abboszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.
Fəxrəddin Abboszadənin beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə Azərbaycanın Baş Prokurorluğu çıxış edib. 12 iyul 2018-ci ildə onun haqqında cinayət işi açılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
F.Abboszadənin hələ də Azərbaycana təhvil verilməməsi ortaya suallar çıxarır. Bir aya yaxındır saxlanılan şəxsin təhvil verilməməsinin arxasında hansısa hüquqi və ya siyasi məsələlər dayanırmı? Ümumiyyətlə, ekstradisiya prosesi necə həyata keçirilir? F.Abboszadə məsələsində yubanma varmı? Oktyabrın 7-də F.Abboszadənin 1 aylıq həbs müddəti bitir. Onun barəsində qərar necə ola bilər?
Tanınmış vəkil Əsabəli Mustafayev "Yeni Müsavat"a bildirdi ki, saxlanılan şəxsin ekstradisiyası üçün prokurorluq Rusiyanın hüquq-mühafizə orqanlarına həmin adamın cinayət işi haqqında sübutları, sənədləri, onun tərəfindən cinayət törədildiyini təsdiq eləyəcək əsaslı şübhələr və şübhələri təsdiq eləyəcək sübutlar haqqında sənədləri təqdim eləməlidir. Rusiyanın müvafiq rəsmi orqanları isə saxlanılan şəxsin əməlində cinayət halını təsdiq eləyən sübutların olub-olmadığına baxmalıdır və bundan sonra qərar qəbul edilməlidir.
Şübhələrin əsaslı olması, təsdiqedici ilkin sübutların olması beynəlxalq standartlardır və bu tələb olunur. Hüquqa görə təqdim olunmuş sənədlər, sübutlar yetərlidirsə, ekstradisiya həyata keçirilməlidir: "Bəzən ölkələr təminat tələb edir ki, təhvil veriləcək insan barədə ədalətli məhkəmə araşdırması gedəcək, işgəncələrə, ayrı-seçkiliyə məruz qalmayacaq. Odur ki, Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycandan belə bir təminatı almaq istəməsi istisna deyil. Nəzərə alsaq ki, Fəxrəddin Abboszadə tərəfindən millətçilik, separatçılıq kimi mövqe ortaya qoyulub, belə bir təminatın alınmasına cəhd edilməsi istisna sayılmamalıdır.
Saxlanılan şəxsin təhvil verilməsinin nə qədər müddət çəkməsi həm təqdim olunan sənədlərin keyfiyyətindən, həm də şəxsi təhvil verməli olan ölkənin müvafiq orqanlarının istəyindən, məsələyə necə yanaşmasından asılıdır. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hüquqi yardım sənədi var. Bu sənəd əsasında uzun müddətdir hüquqi əməkdaşlıq edilir. Adətən ekstradisiya məsələləri uzun çəkmir. Praktika göstərir ki, təxminən bir-iki həftəyə həyata keçirilir. Lakin Fəxrəddin Abboszadə məsələsinin hələ də həllini tapmaması belə rəy yaradır ki, burada siyasi məqamlar var. Ola bilsin ki, Moskva Fəxrəddin Abboszadə məsələsindən siyasi məqsədlər üçün yararlanmaq istəyir. Mümkündür ki, burada Rusiyanın siyasi maraqları var. Fəxrəddin Abboszadə yaxın vaxtlarda Azərbaycana təhvil verilməsə, buna şübhə yeri qalmayacaq. Bu halda mümkündür ki, o adamın hətta təhvil verilməsi sual altına düşsün. Ortada siyasi maraq varsa, təhvil verilməsi uzun müddət apara bilər. O yerdə ki, hüquqi məqamlar arxa plana keçirilir, siyasi məqamlar önə çıxarılır, belə olur".
Vəkil onu da dedi ki, Fəxrəddin Abboszadənin saxlanılmasına baxmayaraq, təhvil verilməməsi ortaya başqa bir ehtimalı da çıxarır: "Ola bilsin ki, bu adamı bir qədər də şişirtmək, onu populyarlaşdırmaq, ciddi bir fiqura çevirmək məqsədi də güdülüb onu saxlamaqla. Əgər belə deyilsə və ortada siyasi maraqlar yoxdursa, Rusiyanın hüquq-mühafizə orqanları Fəxrəddin Abboszadəni Azərbaycana təhvil verməlidirlər. Çünki onun Azərbaycana, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı çoxsaylı çıxışlarının, hərəkətlərinin, çağırışlarının olduğunu təsdiqləyən kifayət qədər sübutlar var. İstənilən şəxs facebook-da, müxtəlif internet resurslarında araşdırma verməklə də buna şahid ola bilər. Fəxrəddin Abboszadə Azərbaycan Konstitusiyasını pozan çağırışlar, çıxışlar edib. Onun hərəkətləri Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti yaradır. Odur ki, həmin şəxsin Azərbaycana gətirilməsi, burada mühakimə olunması və barəsində qanunun nəzərdə tutduğu qərarın çıxarılmasına böyük zərurət var. Etnik mənsubiyyətindən asılı olmayaraq heç bir vətəndaşa Azərbaycan Konstitusiyasını, qanunları pozmaq, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaq yolverilməzdir. Bunu edən istənilən vətəndaş qanun qarşısında cavab verməlidir. Azərbaycan vətəndaşısansa, bu ölkənin qanunlarına tabe olmalısan".
Ə.Mustafayev qeyd etdi ki, F.Abboszadəyə Rusiyada məhkəmənin verdiyi bir aylıq həbs müddəti 7 oktyabrda başa çatır. Onu qarşıdakı bir neçə gündə ya Azərbaycana təhvil verməlidirlər, ya məhkəmə həbs müddətini artırmalıdır, ya da bir ay tamam olan gün onun azadlığa buraxılması da baş verə bilər: "Əgər sonuncu variant baş versə, belə əsaslandıracaqlar guya Azərbaycan tərəfi tutarlı sübutlar təqdim etməyib və öz tələbini lazımi dərəcədə əsaslandıra bilməyib. Ümumiyyətlə götürdükdə praktikada bu cür hallara rast gəlinir. Xüsusilə də separatçılıq mövqeyinə görə saxlanılan şəxslərin təhvil verilməməsi üçün bu tipli bəhanələr göstərilir. Ümid edək ki, Rusiya Azərbaycanla münasibətlərini korlamaq istəmir və məsələyə siyasi yox, hüquqi tərəfdən yanaşılacaq, Fəxrəddin Abboszadə təhvil veriləcək".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar