"Məgər kişi kişidən borcunu istəyəndə öldürülməlidir?!" - oğlu öldürülən İlyas İsmayılov
Baxılıb: 657 Tarix: 30-10-2018 11:50
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun dəfn olunmasından 40 gün keçir.
Xatırladaq ki, bu ilin 19 sentyabrında Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən Etimad İsmayılov sentyabrın 21-də Nardaran qəbiristanlığında dəfn edilib.
Mərhumun atası İlyas İsmayılov Modern.az-a açıqlamasında deyib ki, cinayəti törədənin işini Türkiyənin hüquq-mühafizə orqanları araşdırır: "Tam olaraq işin içində deyiləm. Amma bilirəm ki, iş Türkiyədə araşdırılır. Ətraflı olaraq proseslərin məzmunundan xəbərim yoxdur. Təkcə Etimadın atası kimi yox, həm də vicdanlı vətəndaş kimi demək istəyirəm ki, Etimad qatilə borclu olmayıb. Əksinə, dəfələrlə qarşı tərəfə borcunun geri qaytarılması üçün müraciət edib. Məgər kişi kişidən borcunu istəyəndə qarşılıq olaraq onu öldürməlidir?! Bunu heç cür qəbul edə bilmirəm".
İlyas İsmayılov 40 gün ərzində oğul itkisinin acısına alışa bilmədiyini də söyləyib. "Əhvalımı soruşursunuz. Necə rahat və əminliklə deyim ki, "yaxşıyam". Heç kəsə gözünün qabağında övlad itkisini görməyi arzulamıram. Ağırdır... Çox ağırdır... Etimadın qətlindən sonra heç nəyə ürəkdən sevinə bilmirəm. Biz ictimai insanlarıq. Göz önündəyik. Elə bilirlər ki, itkini də tez unuduruq. Bilin ki, heç nə göründüyü kimi deyil. İnsanları nələrə görəsə ittiham etməyin!".
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Qeyd edək ki,iş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.
Onu da qeyd edək ki, E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.
Ən çox oxunanlar
Son xəbərlər