Əməkdar artist Aygün Bəylərin qətl törədən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Elnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov və Elnur Əsirovun cinayət işi üzrə məhkəmə davam edib.
Qanunvehedef.az Lent.az-a istinatən, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Abbas Hümmətov 5 il, Fuad Məmmədzadə 15 il, Elnur Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov 5 il azadlıqdan məhrum edilib. Elnur Əsirova isə bəraət hökmü çıxarılıb.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş narkotik ittihamına bəraət verilib.
Xatırladaq ki, prokuror çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı A.Hümmətovun 14 il 9 ay, F. Məmmədzadənin 15 il, R. Əsirovun 15 il, E. Alxasovun 15 il, E. Əsirovun 14 il 9 ay və C.Alxasovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər. Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlayıblar. Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər. Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasın deyə ora beton da töküblər. Dəstə üzvləri həmin ilin iyul-avqust aylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar. Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub. Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.