Rusiyada yol qəzasında yaralanan azərbaycanlıların adları AÇIQLANDI
Baxılıb: 494 Tarix: 07-01-2019 13:14
Rusiyanın Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi, hadisənin təfərrüatı və yaralıların vəziyyətləri ilə bağlı detallar məlum olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə "Report"un Rusiya bürosuna açıqlamasında Stavropolda "Araz" Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalov məlumat verib. O bildirib ki, hadisə yanvarın 6-da yerli vaxtla saat 12:00 radələrində Levakumsk şəhəri yaxınlığında Kaçubey – Minvod yolunda baş verib.
Bakı-Moskva marşurutu ilə hərəkət edən mikroavtobus idarəetməni itirib, ağaca dəyərək aşıb. Hadisə zamanı avtomobildə 12 nəfər Azərbaycan vətəndaşı olub. Onlardan 4 nəfər ağır yaralandığı üçün Budyenovsk şəhər xəstəxanasına yerləşdirilib. Bunlar Azərbaycan vətəndaşları sürücü 1979-cu il təvəllüdlü Musayev Vüqar Zahir oğlu, sərnişinlər 1984-cü il təvəllüdlü Məmmədov Mikayıl Bilal oğlu, Mustafayev Musa Bəhrəm oğlu və Mustafayev Eldar Musa oğludur. Yerdə qalanlardan 4 nəfər Moskvaya göndərilib, 3 nəfər Levakumsk şəhərində diaspor tərəfindən hotelə yerləşdirilib, 1 nəfər isə Azərbaycana göndərilib.
T. Zeynalov bildirib ki, hadisə baş verən kimi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məsələyə həssaslıqla yanaşıb, hadisə ilə yaxından maraqlanıb: "Yerli diaspor təşkilatı olaraq hadisədə zərərçəkənlərin yerləşdirilməsi və müalicəsi üçün nə lazımdır edirik". O qeyd edib ki, hazırda 4 yaralının vəziyyəti ağırdır, ciddi həkim nəzarətindədirlər. Digər hotelə yerləşdirilən sərnişinlərin sənədləri polisdən qaytarılan kimi onlar da vətənə göndəriləcək.
Ən çox oxunanlar
Son xəbərlər