Azərbaycanda həbs edilən deputat və nazirlərin SİYAHISI
Baxılıb: 747 Tarix: 01-02-2019 12:34
Rusiyalı senator Rauf Araşukovun yanvarın 30-da Moskvada Federasiya Şurasının toplantısı zamanı həbs edilməsi Azərbaycanda baş verən analoji halları gündəmə gətirib.
Qanunvehedef.az müsavat.com-a istinadən Azərbaycanda həbs edilən deputat və nazirlərin siyahısını təqdim edir:
Xuliqan, rüşvətxor deputatlar... necə həbs olunub?
2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmanın nəticəsi deputat İqbal Ağazadə üçün ağır oldu. Həmin vaxt deputat İqbal Ağazadəyə "kütləvi iğtişaş" maddəsi ilə cinayət işi açıldı, toxunulmazlıq hüququ əlindən alındı və həbs olundu.
Milli Məclisin 2007-ci ildəki yaz sessiyasının iclasında hökumətin hesabatı təqdim olunarkən deputat Hüseyn Abdullayevin etiraz çıxışı parlamentdə böyük qalmaqalla nəticələndi. Fəzail Ağamalının replikasına H.Abdullayevin əsəbi reaksiyası əlbəyaxa dava ilə nəticələndi. Dava-dalaşdan sonra Milli Məclisin İntizam komissiyası H.Abdullayevin işi ilə bağlı kəskin qərar çıxardı. Mandatdan məhrum olunan deputat barəsində Baş Prokurorluq cinayət işi açdı. 2 aylıq həbsdən sonra azadlığa buraxılan H. Abdullayev daha sonra Almaniyaya getdi, bir neçə il orada qaldı, 2018-ci ildə isə Türkiyədə yenidən həbs edilərək Azərbaycana gətirildi. Hazırda istintaqı davam etdirilir.
Daha bir qalmaqallı deputat həbsi Gülər Əhmədovanın adı ilə bağlıdır. 2012-ci ilin sentyabrında ABU-nun eks-rektoru Elşad Abdullayevin yaydığı videoda deputat mandatı ilə bağlı bazarlıq faktı ölkədə ciddi səs-küy doğurdu. Elə həmin ilin noyabrında öz mandatından imtina edən G.Əhmədova bunu istintaqa kömək məqsədilə etdiyini vurğulamışdı. 2013-cü ildə isə
Baş Prokurorluq eks-deputatın həbs olunması ilə bağlı qərar qəbul edib.
Nazir kreslosu-türmə hücrəsi: Əli İnsanov, Fərhad Əliyev...
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və bu günə qədər həbsdədir. 11 il azadlıqdan məhrum edilən Ə.İnsanovun həbs müddəti daha sonra 7 il də artırılıb. Hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkir.
Nazir kreslosu-türmə hücrəsi: Əli İnsanov, Fərhad Əliyev...
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də vəzifə başında həbs olunub. 2005-ci ilin oktyabrında "Azpetrol" şirkətinin prezidenti olan qardaşı Rafiq Əliyevlə birgə həbs edilən Fərhad və Rafiq Əliyev qardaşları 8 il türmədə saxlanıldıqdan sonra - 2013-cü ilin oktyabrında əfv fərmanı ilə azadlığa çıxıblar.
Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov 1994-cü il oktyabr ayının 15-də bir qrup şəxsin MTN-in (2016-cı ildə ləğv edilib-red.) istintaq təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunub. Prezident İlham Əliyevin sərəncamı ilə 2002-ci ildə əfv edilib.
2005-ci ilin oktyabrında Əli İnsanov və Fərhad Əliyev həbs edilərkən bu proses üzrə saxlanılan Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev bir müddət sonra həbsdən buraxılsa da, sonradan yenidən həbs edilib. O, bir neçə il sonra digər cinayət əməli törətdiyinə görə həbs edilib, 2016-cı ildə yenidən azadlığa qovuşub.
"Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti, keçmiş deputat Fikrət Sadıqov da 2005-ci ilin oktyabrında həbs edilənlərdəndir. O, bir neçə gün həbsdə qaldıqdan sonra ev dustağı edilib, daha sonra siyasi meydanı tərk edib, elmlə məşğul olub.
DİN-in Cinayət-Axtarış Baş İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Ömürlük həbs cəzasına məhkum edilən H.Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.
MTN-in sabiq idarə rəisi, general-mayor Akif Çovdarov 2015-ci ilin oktyabrında həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən A.Çovdarov hazırda cəzasını çəkir və istintaq təcridxanasındadır.
Teymur Quliyev
MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev də "MTN işi" üzrə həbs olunub. 12 il müddətinə həbs olunan keçmiş mərkəz rəhbərinin məhbəs həyatı davam edir.
Elçin Quliyev
MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, general-mayor Elçin Quliyev də 2015-ci ildə həbs olunub, 10 il 6 ay cəza alıb. Hazırda türmədədir.
Sübahir Qurbanov
2015-ci ildə "MTN işi"nə görə həbs edilən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da qandallanıb, məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum olunub. O da hazırda həbsdədir.
Ən çox oxunanlar
Son xəbərlər