Stavropolda qəzaya düşən avtobus kimə məxsusdur?
Baxılıb: 881 Tarix: 06-03-2019 13:00
Stavropol ərazisində qəzaya düşən Azərbaycandan Moskvaya gedən mikroavtobus qeyri-qanuni daşınmadır, Bakı Beynəlxalq Avtovağzal ərazisindən çıxmayıb.
Bu sözləri Qanunvehedef.az-a Bakı Beynəlxalq Avtovağzalın Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Stavropol ərazisində 6 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən baş verən qəza ilə bağlı danışarkən deyib.
BBA-nın mətbuat katibi bildirib ki, qəzaya düşən həmin mikroavtobuslar özlərinə müəyyən ərazilərdə yer edərək sərnişin yığırlar:
“Bu cür qeyri-qanuni daşımalardan istifadə edilməməsi üçün dəfələrlə vətəndaşlara müraciət etmişik. Belə daşımalar zamanı baş verə biləcək hər hansı hadisəyə görə Avtovağzal və ya digər hansısa qurum cavabdehlik daşımır. Avtovağzal sadəcə Avtovağzal Kompleksinin ərazisindən çıxan avtobuslarla bağlı informasiya verə bilər”.
P.Məmmədova bildirib ki, bu cür daşıyıcılar hansısa şirkətə məxsus olmur:
“O daşıyıcılar haqqında bizdə heç bir məlumat yoxdur. Həmin daşıyıcılar hansısa şirkətə məxsus olmur. Fiziki şəxslər özlərinə məxsus mikroavtobuslarla bu cür qeyri-qanunu fəaliyyət göstərirlər, sərnişin daşıyırlar”.
Xatırladaq ki, Azərbaycandan Moskvaya gedən mikroavtobus Stavropol ərazisində qəzaya düşüb.
Məlumata görə, qəza qarşıdan gələn ZİL markalı yük maşınının hərəkət zolağından çıxaraq qarşı yola keçməsi nəticəsində olub. Toqquşma zamanı 6 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Yaralılar Nevinnomıssk xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların hamısı Azərbaycan vətəndaşıdır.
Ən çox oxunanlar
Son xəbərlər