Bakıda 71 yaşlı alim 90 yaşlı professorun evinə basqın etdi - FOTO
Baxılıb: 938 Tarix: 14-03-2019 10:28
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və quldurluqda ittiham olunan AMEA Fizika İnstitutunun elmi işçisi, 71 yaşlı Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qanunvehedef.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Bəkir Rüsyəmbəyov ona elan olunmuş ittihamla özünü təqsirli bilib, törətdiyi cinayəti etiraf edib və peşman olduğunu deyib: "Tövbə etmişəm. Bir daha belə bir əməl törətməyəcəyəm".
B.Rüstəmbəyov ifadəsində 90 yaşlı zərərçəkmiş Çingiz Qacarın onun rəhbəri olduğunu deyib: "Çingiz Qacarı uzun illərdir ki, tanıyıram. Səkkiz il bundan əvvəl məni işdən çıxardı. Bu, mənə çox pis təsir eləmişdi. Hər dəfə içkili olanda yadıma düşürdü. Hadisə günü 400 qram viski içmişdim. İçməmişdən əvvəl dovşan idim, içəndən sonra pələng oldum".
Ç.Qacarın evində pul olduğunu bilən B.Rüstəmbəyov sərxoş vəziyyətdə onun yaşadığı ünvana üz tutub: "Hadisədən sonra qorxdum, pulu da orada qoyub qaçdım. Ən böyük günahım isə evdə xadimə işləyən Mətanət Hüseynovanı vurmağım olub. Yeni ildə hər ikisinə zəng edib, məni bağışlamalarını istədim".
Tərəflərin suallarını cavablandıran B.Rüstəmbəyov özünü quldur adlandırıb: "Övladlarım Amerikada yaşayır. Törətdiyim əməldən çox peşmanam. Belə bir əməli ancaq quldurlar edər".
Mənzilə basqın etməkdə məqsədini açıqlayan B.Rüstəmbəyov əldə edəcəyi pullarla viski almaq niyyətində olub: "Amma pulları apara bilmədim".
Məhkəmə prosesi martın 19-da davam edəcək.
Qeyd edək ki, Bakı şəhər sakini B.Rüstəmbəyov Çingiz Qacarın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək, onun əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə özü ilə gətirdiyi çəkiclə Ç.Qacarın və evdə xadimə işləyən Mətanət Hüseynovanın təpə nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına ciddi təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, B.Rüstəmbəyov daha əvvəl AMEA Fizika İnstitutunda elmi işçi, zərərçəkmiş fizika-riyaziyyat elmləri doktoru, professor Ç.Qacar isə rəhbər vəzifəsində çalışıb.
Ən çox oxunanlar
Son xəbərlər