Müşfiqə aid olduğu deyilən sümüklər... - Yeni xəbər
Baxılıb: 720 Tarix: 27-03-2019 14:37
Mərhum şair Mikayıl Müşfiqə və digərlərinə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Ekspertiza yekunlaşmayıb. Aparılan işlər hələ başa çatmayıb.
Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Ədalət Həsənov işlərin bir həftəyə yekunlaşması barədə səslənən fikirlərə aydınlıq gətirib:
“Düzdür, bir neçə müddət bundan əvvəl işlərin yekunlaşacağını demişdik. Ona görə ki, bizə bir sümük təqdim olunmuşdu. Bir sümüyün yekunlaşması bir ya da iki həftəyə başa gəlir. Biz də buna uyğun cavab vermişdik. Lakin birdən proses dəyişdi. Bizə başqa materiallar təqdim olundu. Sümüklərin ardı gəlməyə başladı. Hətta, növbədə bir partiya sümük də gəlməsi gözlənilir. Bu, qlobal məsələdir. Bir nəfərdən söhbət getmir. Çünki aşkarlanan ərazidə təkcə Mikayıl Müşfiqə aid edilən sümüklər deyil. Ekspertizanın miqyası da böyükdür. Eyni zamanda, qohumlar gəlib qan verirlər və biz də bunu yoxlayırıq”.
Birliyin direktoru işlərin uzanması ilə bağlı xaricdən mütəxəssis gətirilməsinə ehtiyac qalmadığını bildirib.
“Heç bir xarici mütəxəssisə ehtiyac yoxdur. Çünki bu, genetik ekspertizadır. Genetik ekspertizanı həyata keçirən aparatların hamısı özümüzdə var”.
Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Ötən il noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.
Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı” olub.
Ən çox oxunanlar
Son xəbərlər