Akif Çovdarovun şikayəti əsasında məhkəmə başlayıb
Baxılıb: 650 Tarix: 30-05-2019 13:46
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə başlayıb.
ONA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə kassasiya şikayətinin dəlilləri araşdırılıb.
Akif Çovdarov məhkəməyə gətirilməyib.
İş materialları ilə tanış olmaq üçün məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.
Ən çox oxunanlar
Son xəbərlər