Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“ƏRDOĞANIN ÇIXIŞINI QÜRUR HİSSİLƏ DİNLƏDİM…” – “Sünni dövlətlərə nümunə oldu”

Baxılıb: 574     Tarix: 27-09-2019 14:49   

“Ərdoğanın BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışını qürur hissilə dinlədim və dinlədikcə, ölməz şairimiz Hüseyn Cavidin “İblis monoloqu”nu xatırladım”.
Qanunvehedef.az-ın məlumatına görə, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
Partiya sədrinin fikrincə, eynilə Hüseyn Cavid kimi, Türkiyə prezidenti də dünyada mövcud olan bütün naqislikləri tam çılpaqlığı ilə ortaya qoyub: “O da güclünün güzsüz üzərində sərhədsiz hakimiyyətini pisləyib, dünyanın qan-qada ilə deyil, ədalət, əxlaq və vicdanla xilas olunacağını diqqətə çatdırıb. Və bütün bunları müasir imperializmin maraqlarının qalası vəzifəsini icra edən ən ali beynəlxalq qurumun kürsüsündən baiskarların tam üzünə söyləyib”.
Türkiyə prezidentinin həmin çıxışının bütün məğzinin bir cümlədə toplandığını bildirən İlyas İsmayılov, sözügedən cümləni də açıqlayıb: ““Dünya 5-dən böyükdür”. Qısa olduğu qədər böyük anlam ifadə edən həmin cümlənin altında dünyadakı bütün problemlərin və ədalətsizliklərin hamısı toplanıb. Bilirsiniz ki, Ərdoğan bunu deyərkən, BMT TŞ-nın 5 daimi üzvünü nəzərdə tutur. ABŞ, İngiltərə, Fransa, Rusiya və Çindən ibarət olan bu beşlik BMT-nin bütün imperativ qərar və qətnamələrinin qəbul olunmasında müstəsna rol oynayır. Onlar dünyadakı bütün siyasətləri müəyyənləşdirir, istənilən ölkəyə beynəlxalq hərbi müdaxilələri təşkil edir, ağır iqtisadi və siyasi sanksiyalar həyata keçirir, hümanitar yardımların göstərilməsinə qərar verirlər. Dünya dövlətlərinin sərhədlərinin, millətlərin və xalqların taleyinin müəyyənləşdirilməsi yenə bu beşliyin əlindədir. Təsəvvür edin ki, bu beşliyin qərarı BMT-nin Baş Assambleyasının qərarından daha çox keçərlidir. Halbuki, hüquq fəlsəfəsinə görə, tamamilə tərsinə olmalı idi. Çünki Baş Assambleyada bütün dünya dövlətləri təmsil olunur və orda qəbul edilən qərarlar, məntiqlə, dünya xalqlarının iradəsi deməkdir. Ancaq qəribədir ki, BMT TŞ-nın qərarları imperativ, Baş Assambleyasının qərarları isə tövsiyə xarakteri daşıyır. Türkiyə prezidenti cənab Ərdoğan məhz buna görə haqlı olaraq BMT-nin yanlış siyasi fəlsəfə üzərində qurulduğunu iddia edir və hər zaman bu barədə düşüncələrini ən yüksək kürsülərdə dilə gətirir. Zaman-zaman səsləndirdiyi fikirlərini indi birbaşa BMT kürsülərində dilə gətirməsi beynəlxalq ictimai rəy yaratmaq cəhdidir ki, Ərdoğanın bu təşəbbüsü həm də Türkiyənin böyük dövlət iddiasının təzahürüdür. Çox sevindiricidir ki, Türkiyə artıq bu iddia ilə ortaya çıxmış gücə çevrilib, 70-80-ci illərin ABŞ-dan, Avropadan asılı dövlət statusunu tamamilə bir kənara atıb”.
Ərdoğanın məlum çıxışında Cənubi Qafqazdan tutmuş Kəşmirə, Afrikaya qədər bütün əzilən dünyanın sözçüsü kimi çıxış etməsini yüksək qiymətləndirən partiya sədri, onun xüsusilə İran və İsrail barədə səsləndirdiyi fikirləri böyük təqdirlə qarşılayıb: “Bilirsiniz ki, müasir qlobal imperializm İslam dünyasını əsasən məzhəb müharibələrilə bölərək zəiflədir və öz hegemoniyalarını bərqərar etməyə çalışır. Nəhəng dövlətlərin təşviqi ilə getdikcə alovlanan məzhəb müharibələrinin daha geniş vüsət alması Türkiyə və İranın bu prosesdə qarşı-qarşıya gəlməsindən, yaxud İranın tamamilə təklənməsindən asılıdır. Sevindirici haldır ki, cənab Ərdoğan da bunun fərqindədir və beynəlxalq imperializmin maraqlarına zidd olaraq nəinki İranın üzərinə getmədi, əksinə, onu açıq şəkildə dəstəklədi. Bununla da digər sünni dövlətlərə bir nümunə göstərdi. Bu iki dövlətin Suriya məsələsinin həllini müxtəlif platformalarda masaya yatırmağa çalışması da böyük planları pozur və islami vəhdət düşüncələrinin formalaşmasına impuls verir. Ərdoğanın islam ölkələrini də bu birlik və bərabərliyə səsləməsi, bəzi Qərb siyasilərinin seçkilərdə daha artıq səs toplamaq xətrinə qanlı planları dəstəkləmələrini pisləməsi mənə Hüseyn Cavidin “İblisin monoloqu”dakı məşhur sözləri xatırlatdı:
Mənsiz də əmin ol, sizə rəhbərlik edən var,
Qan püskürən, atəş sovuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər.
Altun və qadın düşkünü divanə bəbəklər,
Min hiylə quran tülkü siyasilər, o hər an,
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü işlər, zülmü xəyanət,
Onlar duruyorkən, məni təhqirə nə hacət?
İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis!”шаблоны для dle 11.2