“Pensiya sisteminin yeni inkişaf konsepsiyası”ndakı əsas yeniliklər açıqlanıb
Baxılıb: 582 Tarix: 13-02-2020 16:02
“Pensiya sistemi ilə bağlı ortaya qoyacağımız konsepsiya texniki məsələ deyil, daha çox pensiyanın mahiyyəti və fəlsəfəsi ilə bağlıdır. Çalışırıq ki, pensiya qanunvericiliyimiz çox sadə və kompleks şəkildə qalsın. Onun yerlərdə tətbiqi rahat şəkildə, vahid yanaşma ilə həyata keçirilsin”.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli “Pensiya sisteminin yeni inkişaf konsepsiyası”ndakı əsas yenilikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, mövcud pensiya sistemi və qanunvericiliyi çox ciddi təhlil edilib: “Qanunvericiliyin üstün və mənfi, zəif və təhdid tərəflərinin təhlilini apardıq. Ortaya bir çox məqamlar çıxdı. Dünya Bankının bir PROST modeli var, bu model ölkələrin pensiya sistemini stress test edir və onun dayanıqlıq vəziyyətini ortaya qoyur. Biz bu testi beynəlxalq ekspertlərlə birgə 2019-cu ilin sonunda həyata keçirdik. Məlum oldu ki, pensiya sistemimiz kifayət qədər dayanıqlıdır, sadəcə bir faiz kənarlaşma müşahidə edilir. Bu, kifayət qədər yaxşı nəticədir, amma biz burada dayanmaq istəmirik. Məqsədimiz pensiya sisteminin tam dayanıqlılığını təmin etmək, eyni zamanda sosial sığorta prinsipinə tam uyğunlaşmasını həyata keçirməkdir. Sosial sığorta prinsipi vətəndaşın ödədiyi sosial sığorta haqları müqabilində onun pensiyasının geri qaytarılmasıdır. Bizdə hazırda bu prinsipdən bəzi kənarlaşmalar var. Məsələn, “Əmək pensiyası haqqında” qanunun 19-cu maddəsində qulluq əlavələrimiz var. Sosial sığorta prinsipinə əsaslanmayan ödənişlərin pensiya predmetindən çıxarılaraq təqaüd formasına salınması ilə bağlı təklifi artıq müvafiq orqanlara təqdim etmişik. Bu maddədə qeyd olunan ödənişlər vətəndaşın dövlət qarşısında xüsusi xidmətlərinə görə verilən müəyyən ödənişlərdir. Bunun vətəndaşın ödədiyi sosial sığorta haqları ilə hər hansı bir əlaqəsi yoxdur. Bu baxımdan biz bunu qanunun predmetindən çıxarıb təqaüdün predmetinə salmaq istəyirik.
Qanunun 20 və 21-ci maddələrində də bununla bağlı müəyyən fərqli yanaşmalar var. Burada sosial sığorta stajına daxil edilən, lakin sosial sığorta haqları ödənilməyən müddətlər var. Biz bunların hamısında sosial sığorta prinsipini bərqərar etmək istəyirik”.
M. Abbasbəyli bildirib ki, islahat nəticəsində bəzi pensiya növlərinin elektronlaşması daha da sadələşdiriləcək: “Hazırda yaşa və əlilliyə görə pensiya növü elektron qaydada həyata keçirilir. Ailə başçısını itirməyə görə pensiya hələ ki, avtomatik qaydada həyata keçirilmir. Biz bu islahatların nəticəsində bunun avtomatik qaydada keçirilməsini təmin edəcəyik. Eyni zamanda xüsusi şərtlərlə təyinat (hərbi qulluqçuları, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarının pensiyası) da hazırda elektron qaydada təyin edilə bilmir. İslahatlar nəticəsində bunların təyinatının da tam avtomatlaşdırılmış formaya keçirilməsini hədəf olaraq müəyyən etmişik”.
Ən çox oxunanlar
Son xəbərlər