Müdafiə nazirinin müavini Ordumuzun Naxçıvan əməliyyatlarından DANIŞDI
Baxılıb: 559 Tarix: 13-07-2018 12:15
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun qisimləri və əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri və psixoloqların təlim-metodiki toplantısı keçirilib.
Qanunvehedef.az "modern.az"a istinadla xəbər verir ki, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyindən söz açaraq bu münasibətlə keçirilən silsilə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində rolunu vurğulayıb, Müdafiə nazirinin bu sahədə tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb, həmçinin şəxsi heyətlə iş üzrə zabitlər və psixoloqlarla plana uyğun tədbirlərin keçirilməsinin vacibliyindən danışıb və bu sahədə xidmət edən mütəxəssislərin təcrübələrinin artırılmasının əhəmiyyətini xüsusilə qeyd edib.
Müdafiə nazirinin müavini bildirib ki, məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatların nəticəsidir.
Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev çıxışında hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən əsas amillərdən olduğunu vurğulayıb və bir çox xidməti məsələlərə toxunub.
Təlim-metodiki toplantıda şəxsi heyətlə iş üzrə zabit və psixoloqlar ötən yarım il ərzində görülən işlər və 2018-ci ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər haqqında məruzə ediblər.
Toplantıda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Respublika Hərbi Prokurorluğu, "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzi nümayəndələrinin çıxışları da dinlənilib.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun artırılmasında hərbi vətənpərvərlik mahnılarının rolundan danışan Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bu mövzuda yazılan marşların, şeirlərin, mahnıların şəxsi heyəti döyüşə ruhlandırdığını vurğulayıb.
Toplantının sonunda hesabat dövründə döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi işində nümunəvi xidmətləri ilə fərqlənən zabitlər mükafatlandırılıb.
Ən çox oxunanlar
Son xəbərlər