İcra başçıları təlaşda: növbə onlara çatdı
Baxılıb: 646 Tarix: 01-05-2018 13:25
Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri oldu. Prezidentin fərmanları ilə üç nazir, 3 komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da boşaldı.
Onu da qeyd edək ki, hökumət kabinetində qeydə alınan dəyişikliklər insanlarda yerli icra hakimiyyəti başçıları korpusunda da yeniləşmə olacağına dair inamın yaranmasına səbəb olub. Nazir, komitə sədri, baş nazir müavinlərindən fərqli olaraq rayon, şəhər icra hakimiyyəti başçıları yerlərdə əhali ilə birbaşa təmasda olurlar. Bu baxımdan onların fəaliyyəti, yaxud fəaliyyətsizliyi bütövlükdə hakimiyyətlə bağlı rəyin formalaşmasına gətirib çıxarır. Bu gün özünü icra başçısı olduğu rayonun hökmdarı kimi aparıb, sahibkarından tutmuş kəndlisinə qədər - bütün rayon əhalisinə öz təbəəsi kimi baxan məmurlar var. Onların bu fəaliyyətləri nəticəsində əhali hakimiyyətdən narazı salınır, sahibkarlığın inkişafı əngəllənir, rayonların sosial-iqtisadi durumu ləngiyir. Bütün bunlar isə icra hakimiyyəti başçıları arasında da təmizləmənin aparılması zərurətini yaradır. Məlumata görə, gözlənilən dəyişikliklər artıq bəzi icra başçılarında ciddi təlaş yaradıb.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı"Yeni Musavat"a bildirib ki, idarəçilik strukturunda rayon, şəhər icra hakimiyyəti başçıları mühüm yer tutur: "Ayrı-ayrı nazirliklərin, komitələrin rəhbərlərinə nisbətən icra başçıları əhali ilə daha sıx təmasda olurlar. Onların arasında öz işini yüksək səviyyədə quran, ölkə prezidentinin siyasətini istisnasız olaraq həyata keçirən, xalqına xidmət etməyi özünə şərəf bilən icra başçıları kifayət qədərdir. Bunlar idarəçilik sistemində nəinki xalqla dövlət, hakimiyyət arasında problemlər yaratmırlar, həmçinin münasibətlərin ən yüksək səviyyədə qurulmasına şərait yaradırlar. Təbii ki, elə icra başçıları da var ki, bu keyfiyyətlərdən məhrumdurlar. Mən əminəm ki, cənab prezidentin bu barədə yetərincə məlumatı var və icra başçılarının arasında da yenilənmələr olacaq”.
Deputatın fikrincə, yenilənmə zamanı təyinatların sırf gənclər arasından olması mütləq şərt deyil: "Şübhə etmirəm ki, o gənclərə üstünlük veriləcək ki, onların idarəetmə sahəsində yetərincə təcrübəsi var. Çünki, bayaq da qeyd etdik ki, icra hakimiyyətləri yerlərdə əhali ilə ən çox işləyən dövlət qurumlarıdır. Onların rəhbəri olan şəxslərin insanlarla işləmək bacarığı, idarəçilik təcrübəsi, siyasi proseslərdən baş çıxarmaq qabiliyyəti olmalıdır. Cənab prezidentin təyinatlarında həmişə bu keyfiyyətləri özündə əks etdirən kadrlara üstünlük verilir. Mən əminəm ki, icra başçıları arasında yenilənmə zamanı da bu prinsiplərə əməl olunacaq”.
Ən çox oxunanlar
Son xəbərlər