Makrondan ermənilərə zərbə: Bakı 500 milyonluq silah alır
Baxılıb: 573 Tarix: 11-10-2018 14:52
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir. Bu ilin 19-20 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev Fransada səfərdə olmuşdu. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafından xəbər verir.
Azərbaycan və Fransa prezidentləri Bakıda əməkdaşlıq məsələlərini, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcək. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi də müzakirə mövzularından biri olacaq.
Makronun Bakı səfərindən ən böyük gözlənti isə 400-500 milyon avroluq silah müqaviləsinin müzakirə ediləcəyidir.
Publika.az xəbər verir ki, Azərbaycan Fransada “Ladrua” sinfinin üç patrul gəmisini almağa hazırlaşır.
Bu gəmilər 80 metr uzunluğundadır, saatda 46 kilometr sürətlə hərəkət edə bilir, helikopter meydançasına və iki sürət qayğına malikdir. Gəmidə 76 millimetr “Super Rapid” artilleriya qurğusu mövcuddur.
Maraqlıdır ki, Prezident İlham Əliyevin Parisə səfərindən təxminən 10 gün əvvəl Makronun silah embarqosunu ləğv etməklə bağlı qərar verdiyi haqqında məlumat yayılmışdı. Hansı ki, 90-cı illərdə qoyulan bu embarqo Fransanın Azərbaycana silah satmasına mane olurdu. Bu sensasiyalı xəbər Ermənistanda o qədər narazılığa səbəb oldu ki, Fransanın İrəvandakı səfirliyi məlumatı tələsik təkzib etdi. Lakin həqiqətdə embarqo aradan qaldırıldı.
Prezident İlham Əliyev iyulun 19-da Parisdə “Ladrua” gəmilərini istehsal edən “Naval Group Erve Giyu” tərsanələrinin baş direktoru ilə görüşdü.
Doğrudur, daha sonra Paris İrəvana təsəlli verdi ki, Azərbaycana Qarabağda tətbiq edə biləcəyi silahlar satmırlar. Lakin bütün hallarda bu, Bakının Fransada güclü erməni lobbisinin üzərində qələbəsidir.
Hətta “Naval Group” Trend agentliyinin sorğusuna cavab olaraq bildirmişdi ki, “Gəmilər şirkətin ekspertlərinin iştirakı ilə Azərbaycan zavodlarında inşa ediləcək”.
Görünür, Makronun Bakı səfərində bu məsələ öz həllini tapacaq.
Ən çox oxunanlar
Son xəbərlər