XARÜQƏLƏR YARADAN SƏS-VIDEO
Baxılıb: 1 182 Tarix: 17-12-2018 13:32
Müğənni Mədinə: "Seçim qarşısında qalmaq, sənətlə ailə həyatından ikisindən birini qurban vermək mütləq deyildir"
Gənc, gözəl, həyat eşqi ilə dolu, gülümsər, səmimi, bir az da şıltaq. Qonağımızı bu vaxta qədər səthi tanısaq da, yaxından tanış olduqca aurası bizə təsəvvür etdiyimizdən də yaxşı təsir bağışladı. Dekabrın əvvəli olsa da, deyəsən indidən Yeni İl havasında idi - geyimindən bir az Qar Qıza oxşayırdı.
Müğənni Mədinə (Pənahlı Mahirə Mühiddin qızı) ilə söhbətimiz redaksiyada baş tutdu. İlk öncə dəvətimizi qəbul edib "Azərbaycan" Nəşriyyatına təşrif buyurduğu üçün ona təşəkkürümüzü bildirdik və dərhal da suallara keçdik.
- Mədinə, müğənniliyə həvəs Sizdə nə vaxt yarandı? Necə oldu ki, bu sənətə gəldiniz?
- Hələ uşaq vaxtlarımdan məktəbdaxili tədbirlərdə mahnılar ifa edirdim. Müəllimlərim də bu qabiliyyətimi görüb məni tez-tez oxudurdular. Sonralar Sumqayıt şəhəri üzrə məktəblərarası müsabiqələrdə səsimi müvəffəqiyyətlə sınadım, festivallara qatılıb fərqləndim. Şagird ikən ifa etdiyim "Sumqayıt" mahnısı çox bəyənilmişdi.
- Yəqin indi də ictimai tədbirlərdə fəalsınız...
- Mütəmadi olaraq Sumqayıt İcra Hakimiyyətinin təşkil etdiyi şəhər miqyaslı tədbirlərə dəvət olunuram. Bayram və əlamətdar günlərdə - Yeni İl və Novruz şənliklərində, Respublika Günündə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən konsertlərdə şəhər sakinlərinin önündə çıxış edirəm. Azərbaycanın bölgələrində, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində konsertlər vermişəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, həmişə alqışlarla qarşılanmışam.
- Xalqın arasında olmaq, dövlətçiliyə təmənnasız xidmət etmək, səngərdə keşikdə dayanan əsgərləri, azadlıqdan müvəqqəti məhrum olunmuş məhbusları sevindirmək həqiqətən alqışa layiqdir. Bəs dolanışığınızı necə təmin edirsiniz?
- Sponsorum yoxdur. Qazanc mənbəyim dəvət aldığım el şənlikləri, toylardır.
- Hansı mahnılara üstünlük verirsiniz?
- Özümün repertuarımı yaratmaq istiqamətində iş aparıram. Yaxın aylarda tərəf müqabilim olan şair və bəstəkarla birgə ortaya dəyərli bir şey qoya biləcəyimizə ümid edirik. Təfərrüatlardan danışmaq hələ tezdir. O ki qaldı hansı mahnılara üstünlük verməyimə, sərbəst ifa seçimimdə pop və türk arabesklərinə daha çox müraciət edirəm. Deyilənə görə, bu mahnılar məndə yaxşı alınır.
- Sənətin sirlərinə yiyələnməkdə kimə, yaxud kimlərə özünüzü borclu sayırsınız və məşhurlardan kimlərlə duet oxumusunuz?
- Bilirəm ki, sənətkar olmaq üçün təkcə yaxşı səsə və istedada malik olmaq azdır. Gənc olduğumdan ümid edirəm ki, qismət olsa, gələcəkdə vaxt tapıb ali musiqi təhsilinə yiyələnə bilərəm. Musiqi savadı, səhnə mədəniyyəti sarıdan bildiklərimin, bacardıqlarımın hamısını öz səylərimlə, zəhmətimlə, Uca Allahdan başqa heç kimin köməyi olmadan öyrənmişəm. Tanınmışlarla duet oxumuşam deməzdim, amma konsertlərdə xalq artisti Baloğlan Əşrəfovla, Mənsurə Musayeva ilə birgə mahnılar ifa etmişəm. Sənətkarların özləri də, dinləyicilər də ifalarımı bəyəniblər.
- Televiziyada çıxışlarınız olubmu?
- "DünyaTV", "Lider" telekanallarında verilişlərdə yaddaqalan çıxışlarım olub. "Yutub"da, sosial şəbəkələrdə paylaşılan mahnılarım xeyli izləyici toplayıb.
- Subaysınız. Yəqin ki, elçi düşənləriniz də yox deyildir. Heç düşünürsünüzmü ki, nə vaxtsa sənətlə ailə həyatı arasında seçim etməli ola bilərsiniz?
- Seçim qarşısında qalmaq, ikisindən birini qurban vermək mütləq deyildir. Yəqin razılaşarsınız ki, həm ifaçılıq sənətini, həm ailə həyatını uğurla uzlaşdıran nümunəvi korifey sənətkarlarımız çoxdur. Mən sənətdə yalnız səsimə, istedadıma güvənirəm. Bilirsiniz, tamaşaçı, dinləyici qarşısına çıxan adam bu sahədə təsadüfi şəxsdirsə, kəsə yollarla şöhrət qazanmaq istəyirsə, adətən öz səsindəki nöqsanları başqa üsullarla, bəzən də etik və əxlaqi nöqteyi-nəzərdən qeyri-məqbul sayılan improvizasiyalar artırmaqla, yaxud da əksinə, nəyisə qayçılayıb qısaltmaqla konpensasiya etməyə çalışır. Ola bilər ki, belə cəhdlər ona zövqü azğın auditoriyalarda müvəqqəti populyarlıq qazandırsın. Amma elələrinin mahir sənətkar kimi yetişə biləcəyi də, kiməsə vəfalı həyat yoldaşı olacağı da aşkar şübhələr doğurur. İstəyim odur ki, seçim etmək məcburiyyətində qalsam belə, təki dünyalar qədər sevdiyim əziz anamı sevindirim - sənət yolu ilə davam edəcəyim halda da o məndən razı qalsın, ailə quracağım təqdirdə də.
- Hazırda şou-biznesdə müşahidə etdiyiniz tendensiyaları necə dəyərləndirirsiniz?
- Təəssüf hissi ilə deyirəm ki, şou-biznesdə müsbət deyil, yalnız mənfi meyllər müşahidə olunur. Bir-birinin arxasınca danışıb sonra yenə üzünə gülən, qalmaqalla gündəmə gəlib sonra da sanki heç nə olmayıbmış kimi asanlıqla barışan müğənniləri başa düşə bilmirəm. Belələrinin nə qadınına, nə kişisinə heç cür haqq qazandırmaq olmaz. Yüngülməcazlıq onları gec-tez sənətdə fəth elədikləri yüksəklikdən də endirir xalqın gözündə.
- Mədinə, müsahibə üçün minnətdarıq. Həm şəxsi həyatda, həm də inamla addımladığınız sənət yolunda Sizə uğurlar arzulayırıq. Doğrudur, bura studiya deyil. Sizi müşayiət edəcək musiqiçilər də yoxdur. Sonda rica etsək, bir mahnı ilə bizi feyziyab edə bilərsinizmi?
- Siz də sağ olun. Niyə müşayiət edən yoxdur, kompyuter ki var?!.
Onun istəyi ilə internetdə axtarış elan edib "Mavi, mavi, masmavi" türk mahnısının karaoke variantını tapırıq. Musiqinin fonunda zildən oxuyan Mədinənin ecazkar səsinin sehrinə düşürük. İstər-istəməz bizim də dodağımızdan asta zümzümə qopur. Və təəssüf edirik ki, o mahnının indiyədək xatırladığımız ən möhtəşəm ifaçısı İbonun (İbrahim Tatlısəsin) səhhəti yerində deyil və bu azəri qızından xəbəri yoxdur...
Instagram adresi: @ Sekerpare _ official
Söhbətləşdi: Pünhan ŞÜKÜR
Ən çox oxunanlar
Son xəbərlər