Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Generala tüpürən şairimizin qol saatındakı sirr - 10 fakt

Baxılıb: 603     Tarix: 16-08-2019 15:30   

Bu gün mərhum xalq şairi Bəxtiyar Vahabzadənin 94 yaşı tamam olur.
Kult.az Bəxtiyar Vahabzadə ilə bağlı 10 maraqlı faktı təqdim edir:
1. Deyilənə görə, Bəxtiyar Vahabzadənin ögey qardaşı Mahmud Vahabzadə övladı olmadığı üçün onu övladlığa götürüb.
2. 1990-cı ildə 20 Yanvar hadisələri zamanı Bəxtiyar Vahabzadə xalqa divan tutan rus hərbçilərini təhqir edib və hətta generalın üzünə tüpürüb. Rus hərbçisi avtomatı çəkib B.Vahabzadəni vurmaq istəyəndə, o biri hərbçi deyib ki, sən onu vursan, tək Azərbaycan yox, bütün dünya ayağa qalxar.
3. Dramaturq Firuz Mustafa xatirə yazısında qeyd edib ki, 20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin üzünə tüpürdüyü adam general Dubinyak yox, Ovçinnikov olub. Onun sözlərinə görə, Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı “özünün” AzTV-dəki “kabinetinə” yığaraq söhbət edib:
“Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək”.
4. Xalq şairi 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, müstəqillikdən sonra isə 1995-2000-ci illərdə millət vəkili olub.
5. B.Vahabzadənin 1958-ci ildə yazdığı “Gülüstan” poemasına görə 1962-ci ildə “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılması və yalnız 2 ildən sonra işə bərpa edilməsi barədə məlumatlar var. Professor Şirməmməd Hüseynov isə Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını, onun məcburi şəkildə doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərildiyini söyləyib.
6. B.Vahabzadə böyük Hüseyn Cavidin nəşinin vətənə qaytarılması üçün imza atan ilk şəxs olub.
7. Professor Şiməmməd Hüseynov Azərbaycanın İrana və ya Rusiyaya birləşmək əvəzinə müstəqil dövlət olması ideyasını gündəmə gətirməsindən sonra B.Vahabzadə “Gülüstan” poemasını yazmağa qərar verib.
8. B.Vahabzadə dünyasını dəyişəndə qolundakı saatın kiçik əqrəbi səkkizin, böyük əqrəbi isə üçün üstündə dayanıb. Xalq şairi səksən üç yaşında dünyasını dəyişmişdi.
9. Vahabzadə Türkiyədə “Varlıq” jurnalında Füzuli barədə tənqidə cavab olaraq yayımlanan “Yel qayadan nə aparır” məqaləsi ilə tanınıb. Bundan sonra onun yazıları türk ədəbiyyatı jurnallarında müzakirə mövzusuna çevrilib.
10. Bəxtiyar Vahabzadə Səməd Vurğunun poeziyasından dissertasiya yazıb. O, Səməd Vurğunla bağlı maraqlı bir xatirəsini də danışıb:
“Onda S.Vurğun xəstə yatırdı. Osman Sarıvəlli ilə yanına getmişdik. Sarıvəlli evə girib dedi ki, “Ayə, çoxmu yatassan, qalx, millət səndən yeni şeirlər gözləyir. Al, budur ey, üçcildliyin birinci cildi çıxıb”. Vurğun bir qədər dirçəldi və uşaq sevinci ilə kitabı vərəqləməyə başladı. Birinci səhifədən başlayaraq, uzun-uzadı rəhbərə salam, rəhbərin şineli, rəhbər, rəhbər, partiya, komsomol məzmunlu şeirləri düzülmüşdü. Birdən kitabı evin ortasına atdı və dedi: “Ə, bunu nəyə gətirmisən, mən ölməmiş mənim yaradıcılığım ölüb ki!”шаблоны для dle 11.2



Ən çox oxunanlar