Azərbaycan Tibb Universitetinin rektoru : Əhali arasında daha çox depressiya...
Baxılıb: 675 Tarix: 04-10-2018 12:54
Azərbaycanda əhali arasında daha çox sərhədyani psixi xəstəliklər - affektiv pozuntular, əhval-ruhiyyə pozuntuları, xüsusilə depressiya kimi psixi xəstəliklər müşahidə edilir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.
Onun sözlərinə görə, ölkədə depressiya və depressiv spekterli xəstəliklərdən əziyyət çəkənlərin sayı artmaqdadır. Bununla yanaşı, stres, gərginlikdən yaranan xəstəliklər olan təşviş, həyəcan pozuntuları-nevrozlardan da əziyyət çəkənlərin sayı artır. Kəskin psixozlar, məsələn şizofreniya xəstəliyində isə çox böyük artım müşahidə edilmir. Bu xəstəliklə il ərzində xəstələnmə göstəricisi təxminən 1 faiz civarında olur.
G.Gəraybəyli qeyd edib ki, depressiyalar, affektiv pozuntular daha çox qadınlar arasında müşahidə edilir. Nevrotik pozuntular - təşviş, həyəcan pozuntularına isə daha çox kişilər arasında rast gəlinir.
Mütəxəssis psixi xəstəliklərin daha çox cavan və orta yaşlı insanlar arasında müşahidə edildiyini də söyləyib.
Professor qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayının artması isə psixiatriya yardımı üzrə tibbi xidmətin səviyyəsinin yüksəlməsi ilə izah oluna bilər:
"Son illər psixiatriyada aparılan islahatlar məhz ona yönəlib ki, regionlarda psixi kabinetlər yaransın. Bunların ilk məqsədləri ilkin diaqnostikanın qoyulması, xəstələri tez aşkar etmək və diaqnoz qoymaqdır. Psixi xəstələrin sayının artması məhz ilkin yardım xidmətinin yaxşılaşdırılması ilə bağlıdır".
G.Gəraybəyli ölkədəki psixi xəstələrin dəqiq sayının müəyyənləşdirilməsini də mümkünsüz sayıb:
"Biz psixi xəstələrin sayı ilə bağlı real rəqəmi heç vaxt öyrənə bilməyəcəyik və müəyyən edə bilməyəcəyik ki, bu il psixi xəstələrin sayı nə qədərdir, onların sayı nə qədər artıb. Çünki psixi xəstəliklərin təzahürləri müxtəlifdir və psixi xəstəliyə tutulan insan heç vaxt dərhal psixiatriya xəstəxanasına, həkimə müraciət etmir. Həkimə müraciət etdikdə də onu ya cürbəcür üsullarla müalicə edirlər, ya da davranışı pozulmuş, özünə qapalı şəxsi heç xəstə kimi qəbul etmirlər".
Rektor depressiyaya düşdüyünü deyən bəzi şəxslərin apteklərdən reseptsiz aldıqları antidepressant dərmanlarla özbaşına müalicəsinə də münasibət bildirib:
"Nəzərə alınmalıdır ki, depressiya bir xəstəlikdir. Ümumiyyətlə, hər hansı bir xəstəliyin müalicəsinin həkim məsləhəti olmadan kortəbii şəkildə aparılmasının, qonşunun, yaxud kiminsə məsləhəti ilə dərman alıb içməyin tam əleyhinəyəm. Söhbət xüsusilə daha ciddi dərmanlardan gedir. Dərman hətta xəstəliyin əlamətini də dəyişə bilər və bu vəziyyətdə həkimə gedən pasiyent həkimi diaqnozun qoyulmasında çaşdıra bilər. Ona görə də hesab edirəm ki, həkim məsləhəti olmadan hansısa dərmanı qəbul etmək düzgün deyil".
Ən çox oxunanlar
Son xəbərlər