Sabiq icra başçısının komandasını gözləyən cəzalar - SİYAHI
Baxılıb: 662 Tarix: 24-02-2020 15:23
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fevralın 20-də keçirdiyi əməliyyatla saxlanılan Neftçala rayon icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərovu, icra başçısının müavini Gültəkin Sadıqovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovu, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevi, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovu, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovu ağır cəza gözləyir.
Oxu.Az-ın məlumatına görə, yuxarıda adıçəkilən şəxslər rüşvət alma və rüşvət vermə ilə təqsirli bilinirlər.Cinayət Məcəlləsinin 311-ci maddəsinə görə, rüşvət almaq passiv rüşvətxorluqdur.
Rüşvət alan şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir.
Eyni zamanda, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma isə daha ağır cinayət sayılır.
Belə halda həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Əmlakı müsadirə olunur. Həm də beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən təkrar törədildikdə, külli miqdarda törədildikdə, hədə-qorxu tətbiq olunmaqla törədildikdə cəza daha da sərtləşir.
Bu hal üzrə rüşvət almağa görə əmlakı müsadirə olunmaqla, səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
"Külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür.
Cinayət Məcəlləsinin 312-ci maddəsinə görə isə rüşvət vermək aktiv rüşvətxorluq sayılır.
Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə, ona rüşvət vermə və ya təkrar rüşvət vermə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Əgər kimsə vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verirsə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verirsə, cinayət məsuliyyətindən azad edilir.
Qeyd edək ki, rayonun vəzifəsindən azad olunan icra başçısı İsmayıl Vəliyevi isə daha ağır cəza gözləyir. Oxu.Az əvvəlki yazılarının birində bu barədə yazmışdı.
Xatırladaq ki, Səbail rayon Məhkəməsi təqsirləndirilən şəxslərin hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ən çox oxunanlar
Son xəbərlər