“Böyük Ermənistan” xülyası: çıxış yolu budur - Hacıyev
Baxılıb: 551 Tarix: 26-06-2018 11:01
İyunun 22-də ABŞ-ın “Eurasianet.org” portalında yayılmış “Müharibənin kölgəsində: Ermənistanın müdafiə dəhlizində həyat” adlı məqalədə Zəngəzur regionunun tarixi, ermənilər tərəfindən həmin ərazidə törədilmiş qırğınlar, Njde Qareginin əməlləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri təhrif olunmuş formada təqdim edilib.
Qanunvehedef.az xəbər verir ki, bununla əlaqədar, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən portalda cavab məqaləsi ilə çıxıb edib.
Məqalədə deyilir: “Sizin yazı Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız bir tərəfin mövqeyini əks etdirir və Zəngəzur regionu ilə əlaqədar obyektiv tarixi məlumatı təmin etmir. Təəssüflə qeyd etməliyəm ki, müəlliflər Zəngəzurda köklü Azərbaycan-müsəlman əhaliyə qarşı törədilmiş qırğınların üzərindən sükutla keçirlər. Mən, həmçinin müəlliflərin Njde Qareginin şəxsiyyəti ilə bağlı təsvirləri ilə tamamilə narazıyam”.
XİN rəsmisi Azərbaycanın Dövlət Arxivində Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi Fövqəladə İstintaq Komissiyasının 1918-1920-ci illərdə Njde Qaregin və digərlərinin rəhbərliyi altında erməni hərbi birləşmələrinin Zəngəzurda törətdikləri qırğınlar barədə çoxsaylı sənədlərin olduğunu yazır. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin mülki azərbaycanlılara qarşı törədilən bu kütləvi qırğınların dayandırılması üçün Qafqazdakı Britaniya hərbi qüvvələrinin rəhbərliyinə demarş göndərdiyini də qeyd edir.
Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyasının sənədlərinə görə Njde Qareginin əməlləri nəticəsində Zəngəzur regionunda 10 min nəfərdən artıq mülki azərbaycanlının öldürüldüyünü, 115 Azərbaycan kəndinin isə yerlə-yeksan edildiyini, Zəngəzurla bərabər Göyçə və İrəvan regionlarının Azərbaycan əhalisinin də eyni faciəvi haldan əziyyət çəkdiyini diqqətə çatdırır.
Kütləvi qırğınlar və etnik təmizləmədən sonra demoqrafik tərkibi kəskin dəyişən Zəngəzurun Qafqazın işğal edilməsi ilə bolşeviklər tərəfindən Ermənistana verildiyini yazan Hikmət Hacıyev bunun nəticəsində süni yolla Naxçıvanın coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrılmasının aydın sezildiyini qeyd edir. O, İkinci Dünya müharibəsində Njde Qareginin faşist Almaniyasına qoşularaq Hitlerin generalı kimi yəhudilər, ruslar, ukraynalılar və digərlərinin kütləvi qətlini təşkil etdiyi barədə məlumat verərək Njdenin irqçi və ultra-şovinist təliminin Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Respublika partiyasının ideoloji əsasını təşkil etdiyini bildirir.
80-ci illərin sonunda SSRİ-nin dağılması ərəfəsində azərbaycanlıların Zəngəzur və Göyçə mahalı daxil olmaqla Ermənistandan qovulmasının yeni dalğasının başladığını yazan Hikmət Hacıyev nəticədə Ermənistanda monoetnik dövlətin yaradıldığını, amma faciənin hələ bununla bitmədiyini nəzərə çatdırır. O əlavə edir ki, 1991-ci ildən etibarən “Böyük Ermənistan” xülyası ilə Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə 700 min nəfərdən artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub.
Ermənistanın Syunik adlandırdığı Zəngəzur regionunda bu gün mövcud olan işsizlik və yoxsulluğun səbəbinin Ermənistanın mifik “Böyük Ermənistan” xülyası və qeyri-real ərazi ekspansiyası ambisiyası olduğunu yazan XİN rəsmisi aparılan təbliğat nəticəsində Ermənistanda və erməni diasporunda bir çoxlarının hələ keçmişin əsiri olduğunu və buna inandığını bildirir. Vaxtilə hərəkətin yüksək olduğu və Mehridən keçərək Azərbaycan/Naxçıvan, Ermənistan və İranı birləşdirən dəmir yolu xəttinin nəyə görə qapalı olması barədə sualla çıxış edən Hikmət Hacıyev bunun səbəbinin Ermənistanın ərazi ekspansiyası siyasəti olduğunu yazır.
Məqalədə Hikmət Hacıyev Ermənistanın düçar olduğu özünütəcrid vəziyyətdən çıxışın qonşulara qarşı ərazi iddialarına son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq və qonşularla sivil münasibətlər qurmaq olduğunu vurğulayır. O yazır: “Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez də Ermənistan əhalisi üçün yaxşı olar və onlar da regional əməkdaşlıq imkanlarından faydalana bilərlər”.
Ən çox oxunanlar
Son xəbərlər