Hadi Rəcəbli: "Bu qədər şərəsfsizlik, vicdansızlıq olmaz axı!"
Baxılıb: 586 Tarix: 02-08-2018 16:43
Sosial şəbəkələrdəki bəzi səhifələr Tarif Şurasının metro və avtobuslarda gediş haqqını avqustun 1-dən 50% qaldırması fonunda başlayan müzakirələrlə deputat Hadi Rəcəblini gündəmə gətirib.
Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib.
Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib:
"Bizim əmək haqqımızı müzakirə etməkdənsə, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gəlir səviyyəsini hesabladıq. 70 qəpik də olsa, xalq əziyyət çəkməyəcək. Demək olar ki, işləməyən vətəndaşımız yoxdu. Normal əmək haqqı ilə son illər nə qədər iş yeri açılıb. Şikayətlənənlər ölkəni parçalamaq istəyənlərdir".
Sosial şəbəkələrdə yayılan bu açıalama Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini hiddətləndirib. Deputat Modern.az-a açıqlamasında belə fikirlər səsləndirmədiyini vurğulayıb:
"Facebook-dakı hansısa səhifələrdə mənim adımdan yazıb yerləşdiriblər ki, guya, Tarif Şurasının qərarına münasibət bildirmişəm. Halbuki, o yazılanlardan heç xəbərim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mənə qarşı aparılan təxribatdır. Dilimdən çıxmayan sözləri mənim adımdan insanların müzakirəsinə veriblər. Bu qədər şərəsfsiz, vicdansız hərəkət etmək olmaz. Hadi Rəcəbli heç vaxt bu fikirləri səsləndirməyib. Yalanın da bir əndazəsi olar. Heç kimə müsahibə verməmişəm".
Deputat bildirib ki, Tarif Şurası hansısa deputatın fikirlərinə əsasən qərar çıxartmır.
"Mənim Tarif Şurası ilə nə işim var? Məgər Tarif Şurası deputatın sözü ilə qərar çıxarır?! Məntiqsizdir axı! Bu, bilərəkdən mənə qarşı qurulan oyundur. Rəy yerində ünvanıma söyüşlər yağdırırlar. Bunların hamısını özlərinə qaytarıram. Axı bu qədər Allahsızlıq olmaz. Əgər Allah, Quran tanıyırlarsa, belə sözlər deməmişəm. Mən prezidentimə, xalqıma xidmət edirəm".
Komitə sədri həmişə xalqın yanında olduğunu da vurğulayıb.
"Biz həmişə xalqın mənafeyini müdafiə edən qanunlar hazırlayırıq."Məşğulluq haqqında qanun" layihəsini mən hazırlamışam ki, çoxlu iş yerləri yaradılsın. İndi demədiyim fikirləri mənim adımdan hansı əsaslarla yayırlar? Hadi Rəcəblinin də təmsil olunduğu Sosial siyasət komitəsinin bir mövqeyi var: o da xalqın mənafeyini yaxşılaşdırmaqdır. Təbii, bu, ilk növbədə prezidentin də istəyidir".
Ən çox oxunanlar
Son xəbərlər