Azərbaycanlılar niyə Vaşadzeni seçir? - Səbəblər
Baxılıb: 614 Tarix: 01-11-2018 11:31

Gürcüstanda prezident seçkisi prosesini izlədikcə bu qənaət hasil olur ki, fövqəladə hadisələr baş verməsə, Qriqol Vaşadze Gürcüstanın növbəti prezidentidir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. O bildirib ki, ən çox səs toplayan 6 namizəddən 4-ü - Qriqol Vaşadze, David Bakradze, Şalva Nateşaşvili və David Caparidzenin yüksək siyasi mədəniyyət nümayiş etdirərək, ikinci turda səslərini Qriqol Vaşadzeyə verəcəklərini bəyan etmələri artıq seçkinin taleyini həll edib:
“Digər namizədlərin də eyni məzmunlu bəyanat verəcəkləri ehtimalı çoxdur. Artıq Gürcüstanda yeni dönəm başlayır - bu zaman eniş ehtimalı yoxdur. Prezidentin səlahiyyətləri az olsa da, bu proses milli qüvvələrin pressinqini artıracaq, yeni, daha effektiv islahatlar dalğası qaçılmaz olacaq. Sosial siyasətin gücləndirilməsi ilə yanaşı növbəti və ya növbədənkənar parlament seçkiləri əsas hədəflərdən birinə çevriləcək. Güman edirəm ki, Vaşadzenin andiçməsindən sonrakı bir ayında bir sıra fundamental layihələr siyasi gündəmi zəbt edəcək. Təbii ki, bu layihələr həm də ictimai dəstəklə müşayiət ediləcək. Siyasi dinamikada eniş ehtimalı yox dərəcəsindədir”.
Z.Məmmədli qeyd edib ki, Saakaşvili vətəninə dönməlidir:
“Eks-prezident Mixail Saakaşvilinin vətəninə qayıtması üçün yaşıl işığın yandırılması zərurətə çevriləcək. Güman ki, bunun hüquqi həll mexanizmi də mövcuddur. Demokratik islahatlar müəllifi olan bir siyasi liderin absurd ittihamlarla mühakimə olunması hüquqi deyil, əksər siyasi-ideoloji mərkəzlər üçün məhz siyasi motivli olmaqla, indiki hakimiyyətin inzibati resurslardan sui-istifadə, qisasçılıq məqsədli hal kimi dəyərləndirilməkdədir”.
Z.Məmmədli vurğulayıb ki, siyasi motivli qanunsuzluq indiki iqtidar tərəfindən həm də ona tətbiq olunub:
“Soydaşlarımızın kütləvi-mədəni tədbiri olan və 2009-cu ildən hər il iyul ayının 26-da Dmanisi rayonu ərazisində keçirilən “Borçalı türklərinin elat bayramı”nın üzərindəki manipulyasiyalar və onun adının demonstariv formada dəyişdirilərək “Dmanisoba” adlandırılması, təşəbbüskar və təşkilatçı Borçalı Cəmiyyətinin bütün vasitələrlə sıxışdırılması məhz siyasi sifarişli bir hüquq pozuntusudur, həm də soydaşlarımın mədəniyyətinə sayğısızlıqdır”.
Z.Məmmədli bildirib ki, Qriqol Vaşadze Elat bayramının açılış nitqini söyləyəcək:
“Mən milli demokratam. Bu ideloji sistem hüququn aliliyinə, insanların, millətlərin bərabərliyinə, vicdan azadlığına, mədəniyyətlərin inkişafı və dialoquna önəm verən bir sistemdir. İnanıram ki, həm Mixail Saakaşvilinin, həm də mənim Gürcüstanın indiki iqtidarı tərəfindən pozulan hüquqlarımız bərpa olunacaq. Prezident Qriqol Vaşadze məhz Saakaşvili dönəmində əsası qoyulan “Borçalı türklərinin elat mədəniyyəti günü” bayramının dostluq, qardaşlıq, barış və sülh bayramının 2019-cu ildə Borçalı Cəmiyyəti ilə birlikdə daha möhtəşəm keçirilməsinə söz verəcək və özü də açılış nitqini söyləyəcəkdir. Soydaşlarımız da ikinci turda əvvəlkindən ikiqat fəal olacaq və doğma Gürcüstanın tarixində öz şərəfli imzalarını qoyacaqlar”.
Ən çox oxunanlar
Son xəbərlər