Bakının “hamının hamıya” təklifinə “ermənisayaq” dəstək
Baxılıb: 558 Tarix: 22-11-2018 13:18
Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, onlar ölkələri üçün strateji yolları kəsərək əsirlərin dəyişdirilməsini tələb edirlər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxlanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, onlar ölkələri üçün strateji yolları kəsərək əsirlərin dəyişdirilməsini tələb edirlər. Əslində, onlar bununla Azərbaycanın irəli sürdüyü “hamının hamıya” prinsipinə dəstək verirlər”, - siyasi şərhçi bildirib.
Politoloq Paşinyanın hələ ki, müqavimət göstərdiyini deyib:
“Nikol bildirir ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Paşinyan girovlarımızın Bakıda qəhrəman kimi qarşılanacağından ehtiyat edir. Paşinyan tam haqlıdır, girovlarımız Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaq. Amma Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir”.
Siyasi şərhçi Azərbaycanın sərhəddə daha çox erməni diversant ələ keçirməsinin faydalı olacağını düşünür:
“Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətinə çevrilməkdədir”.
Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan iki gün öncə Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən, Bakının erməni terrorçularının əlində olan girovlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini dolayısı ilə etiraf edib.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən erməni hərbi birləşmələri tərəfindən girov götürülüb.
Ən çox oxunanlar
Son xəbərlər