Venesuelada Suriya ssenarisi? – Neft bu ölkəni də dağıdır
Baxılıb: 544 Tarix: 24-01-2019 16:31
ABŞ-ın qlobal siyasətinin bir qanadı da neft qiymətlərinin aşağı düşməsi üçün müəyyən addımların atılmasıdır. Venesuelada gedən proseslər ABŞ-ın bu ana xəttinə uyğundur.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Venesuela dünyada ən çox neft ehtiyatı olan 3 ölkədən biridir:
“Qərb şirkətlərinin Venesuelada çalışdığı dövrdə gündəlik neft hasilatı bu ölkədə təqribən 4 milyon barrel idi. Bu gün neft hasilatı kəskin aşağı düşüb. Yəni gündəlik hasilat 1,2-1,3 milyon barrel təşkil edir. Başqa ölkələrə nisbətən Venesuelanın qlobal bazarlara o qədər də böyük təsiri yoxdur. Ona görə də Venesuelada baş verən çaxnaşmalar neft qiymətlərinə təsir etmədi. Əslində neft qiymətlərində bahalaşma gözlənilirdi, amma baş vermədi. Əks prosesi görürük. Neft qiymətləri son 2 gündə 2 dollara yaxın ucuzlaşıb”.
N.Cəfərli qeyd edib ki, bazarlar və birja iştirakçıları orta və uzaq perspektivləri görür:
“Venesuelada gedən proseslərin nəticəsində ABŞ-ın dəstəklədiyi və demokratik hesab olunan güclər qalib gəlsə, Venesuelaya qarşı sanksiyalar aradan qaldırılacaq. Bunun da ilkin işartıları var. Artıq hətta ordu belə Maduronun əleyhinə bəyanat səsləndirdi. Hamı ordunun mövqeyini gözləyirdi.
Düşünürəm ki, Uqo Çavesin və Maduronun ölkədən qovduğu Qərb şirkətləri geri dönməyə başlayacaq. İnfrastruktur zatən Venesuelada var, sadəcə texnologiyalar çatışmırdı və sanksiyalar mane olurdu. Qısa zaman ərzində Venesuelada hasilatın kəskin artması müşahidə ediləcək. Yəni gündəlik hasilatın 3,5-4 milyon barrelə qalxmasını ən azı 1 il ərzində görə bilərik. Bu da neft qiymətlərinə təbii ki, mənfi təsir göstərəcək. Çünki bazara daha çox neftin daxil olması qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, Venesuela uzun illər, Çavesə qədər ABŞ-a ən çox neft satan ölkələrdən biri idi:
“Bu çox maraqlı detaldır. ABŞ-ın bir çox neftayırma zavodları məhz Venesuelanın neftinə uyğun texnologiyalarla təchiz olunub. Venesuela nefti fərqli neftdir. Ağır və içində qurğuşunun daha çox olduğu neft sayılır. ABŞ-da olan neftayırma zavodları bir müddət bu sanksiyalardan və ABŞ şirkətlərinin Venesueladan qovulmasından sonra boş qalmışdı. İndi yenidən əgər Venesueladakı proses demokratik güclərin və ABŞ yanlı hökumətin formalaşması ilə bitsə, ABŞ neftayırma zavodları Venesueladan neft almağa başlayacaq. Yəni artıq bir çox dünya ölkələri Maduronu prezident kimi tanımır. Yaxın zamanlarda Maduro hakimiyyətinin legitimliyi sual altına düşə və o, siyasi səhnədən gedə bilər. Bunun nəticəsi olaraq da ABŞ şirkətlərinin geri dönməsi neft bazarında qiymətlərin ucuzlaşmasına təsir göstərən əsas amillərdən birinə çevriləcək”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Venesuelada baş verən hadisələri 2019-cu ildə neft qiymətlərinin aşağı düşməsinin ilk siyasi fəsadı kimi qiymətləndirib:
“Venesuelada ikihakimiyyətlilik var - müxalifət lideri özünü dövlət başçısı elan edib, 4 ştat onun tərəfinə keçib. ABŞ da öz dəstəyini verib. Putin isə Maduroya “möhkəm ol” mesajı göndərib. Bu lap 2011-ci ildə Suriyada baş verən prosesləri xatırladır. Karakasda isə kütləvi etirazlar insanların ölümü ilə davam edir”.
Ən çox oxunanlar
Son xəbərlər