İlham Əliyev Bakı-Tiflis-Qars qatarında - Foto
Baxılıb: 825 Tarix: 03-04-2019 12:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tiflis-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.
Qanunvehedef.az xəbər verir ki, dövlət başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxıb.
Sonra Prezident İlham Əliyev Bakı-Tiflis-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan Dəmir Yolları QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
Qeyd edək ki, Bakı-Tiflis-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, müstəqillik tariximizin möhtəşəm layihələrindən olan Bakı-Tiflis-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabr ayında Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimlə istifadəyə verilib. Asiya ilə Avropanı birləşdirən və Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilib. Qonşu Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-Qars layihəsi ölkələrimiz arasındakı əlaqələrin strateji təzahürünü də nümayiş etdirir. Bu yolla artıq yüklərin daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini artırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilib və regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir.
Ən çox oxunanlar
Son xəbərlər