Azərbaycandakı Rusiya bankı yenə ziyan edib - İli 9 milyona yaxın əməliyyat zərərilə başa vurub
Baxılıb: 525 Tarix: 04-02-2020 10:48
Azərbaycandakı xalis Rusiya kapitallı bank olan “Bank VTB Azərbaycan” heç cür əməliyyat gəliri əldə edə bilmir. 2018-ci ildə də bank böyük məbləğdə ziyan etmişdi.
Ötən il “Bank VTB Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 13 milyon 76 min manat, cəmi əməliyyat xərcləri isə 21 milyon 941 min manat təşkil edib. Nəticədə bankın 8 milyon 865 min manat əməliyyat zərəri yaranıb. Əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılmış ehtiyat fondundan 13 milyon 620 min manatın azad olması hesabına əməliyyat zərəri bağlanıb və bankın 4 milyon 755 min manat mənfəəti formalaşıb. Lakin faktiki olaraq, bank artıq neçə ildir ki, əməliyyat zərəri ilə işləyir.
Hətta 2018-ci ildə “Bank VTB Azərbaycan” 250 milyon 847 min manat zərər etmişdi. Ziyanın bu qədər böyük olması bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 231 milyon 139 min manat ayırması ilə bağlı idi. Deməli, bankın tək əməliyyat zərəri 20 milyon manat yaxın olub.
“Bank VTB Azərbaycan” ASC-nin ehtiyat fonduna böyük məbləğdə pul ayırması isə bankın problemli kreditlərinin çox böyük həcmdə olmasından xəbər verir.
2018-ci illə müqayisədə 2019-cu ildə “VTB Bank Azərbaycan”ın xalis kredit portfeli 12 milyon 645 min manat və ya 25,6% artaraq 62 milyon 48 min manata yüksəlib. 2018-ci ilin sonunda 135 milyon 307 min manat təşkil etmiş cəmi aktivlər 2019-cu ilin sonunda 157 milyon 359 min manata çatıb.
“VTB Bank Azərbaycan” 58 milyon 20 min manat məcmu kapitala malikdir. Bu, Mərkəzi Bankın tələb etdiyi minimum məbləğdən bir qədər artıqdır.
Ən çox oxunanlar
Son xəbərlər