Şagird 700 bal yığdı, nazirlik sahib çıxmadı - Açıqlama
Baxılıb: 714 Tarix: 14-06-2018 12:44
10-cu sinif şagirdi Fərid Əhmədlinin Dövlət İmtahan Mərkəzinin sınağında 700 bal toplamasını alqışlayırıq, amma təəssüf ki, abituriyent müraciət etməkdə artıq gecikib.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib. O bildirib ki, qanunvericilikdə məktəbi vaxtından tez bitirmək istəyən şagirdlər üçün eksternat imtahanalarının keçirilməsi qaydası var:
“Sözügedən abituriyent məktəbi bir il tez bitirmək istəyirdisə, bunu iyunun 13-də yox, əvvəldən deməli idi. Qanunvericiliyə görə, məktəbi bir və ya iki il əvvəl bitirmək istəyən şagird eksternat qaydada vaxtından əvvəl imtahan verməlidir. Bu da onu göstərir ki, şagird məktəbi bitirmək üçün nəzərdə tutulan tədris proqramını tam şəkildə mənimsəyib. Amma təəssüf ki, abituriyentin bundan xəbəri olmayıb. İndi də çıxıb deyir ki, sınaq imtahanında 700 bal toplamışam və istəyirəm ki, 11-ci sinifin attestatını alam. Fikrimcə, belə yanaşma doğru deyil. Axı bu, kiminsə qoyduğu qayda deyil, qanunvericilikdə yer alan bir məsələdir”.
Qeyd edək ki, Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbin 10-cu sinif şagirdi Fərid Əhmədli DİM-in keçirdiyi sınaq imtahanında iştirak edərək, 700 bal toplayıb. O, Qanunvehedef.az-a müraciət edərək bu il keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istədiyini deyib. Abituriyent attestatı olmadığı üçün qəbul imtahanında iştirak edə bilmədiyini söyləyib.
F.Əhmədli attestat və qəbul imtahanlarında iştirak etmək üçün Təhsil Nazirliyindən yardım istəyib.
Ən çox oxunanlar
Son xəbərlər