Tovuza strateji əhəmiyyətli yollar çəkilir
Baxılıb: 648 Tarix: 09-08-2018 12:34
Tovuz rayonunda strateji əhəmiyyətə malik Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qanunvehedef.az-a verilən məlumata görə, sözügedən istiqamət üzrə avtomobil yolları uzun müddət əsaslı təmir olunmadığından hərəkət hissəsində çalalar və qabarmalar əmələ gəlib.
Yolun 18 km uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişirdi. Sözügedən hissə AAYDA tərəfindən IV və V texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bu işlər 60 min kub.m-dən çox həcmdə icra olunub.
Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu avtoqreyderlə 26 min p.metr küvetlərin açılması və müxtəlif diametrdə 21 ədəd 228 p.metr uzunluğunda suötrücü dəmir-beton boruların quraşdırılması və izolasiyası , boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılıb.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri aparılıb. Yol əsasının alt layının tikintisi 20 sm hündürlükdə qum-çınqıl,üst layının tikintisi isə 16 sm hündürlükdə optimal qırmadaş qarışığı ilə aparılıb. Yol əsasının tikintisi 182 min kv.m sahəni əhatə edib.
Bu işlərin ardınca yolun asfaltlanması işlərinə start verilib. Əlaqələndirici bitum səpilməklə 100 min kv.metrdən çox sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənir.
Anoloji işlər Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarında da aparılıb. Burda yolların ümumi uzunluğu 15 km təşkil edir. Sözügedən yolların dağlıq ərazidən keçən hissələrində eni 3-4, digər hissələrində 4-5 metr arası dəyişirdi.
Yolun yararsız qruntunun qazılıb kənarlaşdırılması və yolun V texniki dərəcəyə uyğun yenidən qurulması üçün torpaq yatağı 2-4 metr genişləndirilib. Bunun üçün dağlıq ərazilərdə yolun normativ eninin alınması üçün yamacların və qaya tipli suxurların xüsusi texnika ilə kəsilməsi işləri də aparılıb. Ümumilikdə bu işlərin həcmi 53min kub.m təşkil edib.
Tikinti norma və standartlarına əsasən yol yatağının və yol əsasının sel suları nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə 18.5 min p.metr uzunluğunda küvetlərin açılması, 10 yerdə müxtəlif diametrli və 100 p.metr uzunluğunda dəmir-beton suötürcü boruların quraşdırılması işləri də aparılıb.
Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub. Bunun üçün yollar boyu 110 min kv.metrdən çox sahədə 2 laydan ibarət və 28 sm hündürlüyündə yol əsasının tikintisi aparılıb.
Bunun ardınca düşərgə və Hacıhəsənli kəndinin giriş yolunun 12 min kv.metrdən çox sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Yanıqlı, Sofular və Saladinli kəndlərinə giriş yollarının 60 min kv.metrdən çox sahəsində isə yol geyiminin 12 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, km göstəricisi ,1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılmaqla yaxın aylarda burda müasir yol infrastrukturu yaradılacaq.
Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Ən çox oxunanlar
Son xəbərlər