Bu köhnə metro qatarı elə təmir edildi ki… - Foto
Baxılıb: 575 Tarix: 06-11-2018 18:22
Yeni sexdə əsaslı təmir olunmuş qatar xəttə buraxılıb. Əsaslı təmir olunmuş qatarda baş vaqonların ön hissəsi dəyişdirilərək daha keyfiyyətli və zərbəyə davamlı kompozit materialdan hazırlanıb.
Bakı Metropolitenindən Qanunvehedef.az-a verilən məlumata görə, əsaslı təmir olunmuş qatarda informasiya tabloları tam elektronlaşdırılıb, maşinist kabinəsinin güzgüləri daha da funksionallaşdırılıb.
Vaqonlarda köhnə qovşaqlar yeni nəsil avadanlıqlarla əvəzlənib, texnoloji baxımdan əhəmiyyətini itirmiş, istifadəsinə ehtiyac qalmayan bir sıra qovşaqlar tamamilə götürülüb.
Əvvəlki problemli reostat kontrollerində dəyişiklik edilərək, impulslu addım mühərriki tətbiq edilib. Tez-tez sıradan çıxdığına görə mütəmadi təmir edilən hava kompressorunun, pnevmatik xəttin kontaktor qutularının əvəzinə Almaniya və Rusiya istehsalı olan müasir və texniki xidmət tələb etməyən müvafiq avadanlıqlar tətbiq edilib. Köhnə radiostansiyalar daha müasirləri ilə əvəzlənib və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən "dispetçer-maşinist" rabitəsi təkmilləşdirilib.
Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb, funksionallığı artırılıb.
Bu yeniliklər hazırda istismarda olan və innovasiyalar baxımından ən yüksək - 4-cü nəslə məxsus vaqonlarda tətbiq edilir.
Ümumiyyətlə, sexin fəaliyyətə başlamasının əhəmiyyətli üstünlüyü təmir həcminin ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkil edilməsidir. Çünki bununla küllü miqdarda vəsaitə qənaət edilir.
Xatırladaq ki, əvvəllər əsaslı təmir müddəti yetişən vaqonlar Moskva Metropoliteninə, Moskva Elektrik Qatarlarının Təmiri Zavoduna və onun Tiflisdəki filialına göndərilirdi.
Qeyd edək ki, sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi, yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər səviyyəsində qurulub. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.
Ən çox oxunanlar
Son xəbərlər