İrana böyük zərbə: rial kəskin ucuzlaşacaq
Baxılıb: 656 Tarix: 13-11-2018 16:22
SVİFT-dən (SWIFT) uzaqlaşdırılma qərarı İranı dünya bank sistemindən kənarda qoyacaq.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, sözügedən qərar İran banklarının xaricə pul köçürməsini və xaricdən pul almasını kifayət qədər çətinləşdirəcək, hətta bəzi hallarda mümkünsüz hala gətirəcək:
“Ancaq İranın digər sistemlər üzərindən regional ölkələrlə bank köçürmələri ilə bağlı müəyyən şans və imkanları var. İran bu istiqamətdə Türkiyə və Rusiya ilə danışıqlar aparırdı. Çox güman ki, Tehran bu məsələdə irəliləyiş əldə edəcək. İranın əsasən də Rusiya ilə müxtəlif platformalarda Qərbə qarşı mövqeləri üst-üstə düşdüyündən tərəflər bir-birinə yardım etməyə çalışacaqlar. Ancaq İranın SVİFT-dən uzaqlaşdırılması bu ölkənin iqtisadiyyatına çox ciddi zərbə vuracaq və İranda dolların növbəti bahalaşma dalğasına səbəb olacaq. Bank köçürmələrindən məhrum olan İranın bütün ticari əlaqələrini nağd şəkildə aparması ölkədə dollara tələbi daha da artıracaq. Bu isə rialın kəskin dəyərdən düşməsinə, inflyasiyanın sürətlənməsinə, qiymət artımına və əhalinin rifahının daha da pisləşməsinə gətirib çıxaracaq”.
İqtisadçı ekspert Rəşad Həsənov sözügedən qərarın İran Mərkəzi Bankı və ölkənin digər aidiyyəti qurumları üçün gözlənilməz olmadığını deyib:
“İran belə bir ehtimalı öncədən bildiyi üçün müəyyən addımlar atmışdı. Belə ki, İran təxminən 20-dən çoxu xarici olmaqla, ümumilikdə 70 bankına əməliyyatları digər ödəmə alətlərindən istifadə etməklə həyata keçirilməyi təklif etmiş və bununla bağlı müəyyən razılaşma əldə etmişdi. Buna baxmayaraq, İranın SVİFT-dən uzaqlaşdırılması bu ölkəyə ən ciddi zərbə olacaq. İran yaxın zamanlarda bu qərarın ağır nəticələri ilə üz-üzə qalacaq. Bu proses son nəticədə İranın maliyyə, bank və özəl sektorunun ciddi şəkildə zəifləməsi ilə nəticələnə bilər. Eyni zamanda, ölkədə maliyyə axınlarının tənzimlənməsi çox böyük problemlərlə üzləşəcək. Əgər 2019-cu ildə İran-ABŞ gərginliyinin aradan qaldırılması istiqamətində müəyyən yumşalmalar olmasa, İran iqtisadiyyatı ciddi itkilər verəcək”.
Qeyd edək ki, beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişləri həyata keçirən SVİFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə qərar qəbul edib.
Ən çox oxunanlar
Son xəbərlər