Prezidentin növbəti kadr dəyişikliyi kimlərə şamil olunacaq? - Deputatdan açıqlama
Baxılıb: 774 Tarix: 14-01-2019 14:30
Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, hazırki idarəetmə strukturu köhnəlib və yenilənməyə ehtiyac var: "İndi struktur islahatı gözlənilir. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib".
Bununla bağlı big.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, vergi sistemi və gömrükdə olan neqativ hallarla bağlı prezidentin açıq çıxışı onu göstərdi ki, struktur və kadr islahatları davam edəcəkdir:
"Keçən il Azərbaycanda ölkə rəhbərliyi tərəfindən kifayət qədər bu sahədə islahatlar gerçəkləşdirildi. Müəyyən dərəcədə cəmiyyət tərəfindən qəbul edilən normal insanların vəzifəyə gətirilməsi prosesi başlanılıb. Bunun bu formada davam etməsi sevindiricidir. Bu gün cəmiyyət dövlət məmurları tərəfindən baş verən hadisəni özündə hiss etməyə vərdiş edib. Amma bu belə olmamalıdır. Dövlət məmurları vətəndaşların yardımçısı olmalı və problemlərini həll etməlidir. Minlərlə iş adamı vergi sisteminin və gömrükdə olan yanlışlıqlar ucbatından nə qədər əziyyət çəkib. Bu gün gömrükdə xeyli şəffaf sistem yaradılıb. Cənab nazir Səfər Mehdiyev təyin edildikdən sonra nöqsanlarla bağlı cəmiyyətə öz fikirlərini bildirdi. Mətbuatla bu qədər açıq münasibətlər onu göstərdi ki, burada həqiqətən yeniliklər və normal iş mühiti qurulur. Eləcə də Vergilər Nazirliyində. Yeni nazir təyin olunandan sonra açıq etiraf etdim ki, sahibkardan 2 milyard civarında artıq vəsait alınıb. Yəni 1 il sonranın pulunu alıblar. Bu da cinayət xarakterli əməldir. Ona görə də bu məsələlərin aşkara çıxarılması və artıq alınan vəsaitin vətəndaşa qaytarılması vacibdir. Vergi yükünün ədalətli tənzimləmək lazımdır ki, istehsal və iş yerləri artsın. Yoxsa sahibkarlar sıradan çıxır, iş yerləri azalır. Bunun nəticəsində işsizlik artır və vətəndaşlarımız yoxsullaşır. Ona görə də cənab prezidentimiz çıxışında bildirdi ki, elə idarəetmə sistemi qurmalıyıq ki, bu məsələlər cəmiyyətə ziyan vurmasın".
Fazil Mustafa vurğulayıb ki, müxtəlif sahələrdə, ictimai iaşə sektorlarında, kənd təsərrüfat, istehsalat sahələrində və tikinti sektorunda böyük problemlər var: "Düzdür, bununla bağlı yeni komitə yardıldı. Onlar qanunvericilik səviyyəsində bu problemlərin tənzimlənməsi ilə məşğuldur. Ümid edək ki, burada olan xaos qısa müddət ərzində aradan qaldırılacaq. Digər sahələrdə də müsbət dəyişikliklərin olması gözlənilir. Xüsusilə Bakı şəhərində olan mövcud problemlərin aradan qaldırılmasına çalışmaq lazımdır. Bu gün tıxac və yağışdan sonra çirkli suların axıdılması ilə bağlı ciddi problemlər var. Çünki yağış sulları yolları sıradan çıxarır. Kanalizasiya sisteminin sağlam şəkildə qurulması vacibdir. Yüzlərlə belə problemlər var. Son dövrlər işıqla bağlı məsələ xeyli müsbətə doğru dəyişdi. Bir kadr dəyişiklikləri görürsünüz ki, nələri müsbət cəhətdən dəyişə bildi. Vicdanla çalışan insanlar problem yaratmır. Əksinə, problemlərin həll etmə istəyi ölkənin və insanların vəziyyətini yüngülləşdirə bilir".
Ən çox oxunanlar
Son xəbərlər