“Xəzərin suyu içməli su kimi istifadə edilir”
Baxılıb: 627 Tarix: 22-05-2018 10:34
Hazırda Xəzər dənizindən götürülmüş su təmizləndikdən sonra təmiz içməli su kimi istifadə edilir.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
Onun sözlərinə görə, Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodun ofis işçiləri bu sudan içməli su kimi istifadə edirlər:
"Onlar üçün Bakıdan su gətirmək çox baha başa gəlir. Buna görə də orada həmin suyun müəyyən bir hissəsi ancaq daxili istifadə üçün daha dərindən təmizlənir. Bunun üçün zavodda imkan var".
Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin suyu əsasən suvarma məqsədilə təmizlənir.
Onun sözlərinə görə, suvarma və içmək üçün nəzərdə tutulan su fərqli dərəcədə və fərqli standartlarla təmizlənir:
"Xəzər dənizindən götürülmüş su duzsuzlaşdırılır, suvarma suyunun keyfiyyətinə, standartlarına uyğun olaraq təmizlənir. Onun az bir hissəsi isə ofisdə çalışan işçilərin içməli suya olan tələbatını ödəmək üçün təmiz içməli suyun keyfiyyətinə, standartlarına uyğun təmizlənir və daha sonra içməli su kimi istifadə edilir. Suvarma üçün olan su müəyyən bir hədd daxilində təmizlənir, içmək üçün olan su isə daha dərindən təmizlənir. Hazırda Xəzər dənizinin suyundan içməli su kimi dar bir çərçivədə istifadə edilir".
Nazirlik rəsmisi Xəzər dənizindən götürülmüş suyun içməli suya çevrilməsi xərclərini dəqiq açıqlaya bilməsə də, bu prosesin ucuz başa gəldiyni söyləyib:
"Bunu deyə bilərəm ki, bu, çox qənaətli yolla su alınma üsuludur. Biz layihəni pilot olaraq icra etdik və gələcək üçün hazırıq. Gələcəkdə hər hansı yerdə su çatışmazlığı ilə bağlı problem yaranarsa, biz o texnologiyalardan istifadə edərək bütün problemlərimizi tez bir zamanda çevik həll edə biləcəyik. İstənilən yerdə o texnologiyanı tətbiq etməklə həmin ərazini lokal olaraq, su ilə təmin etmək olar".
R.Səttar-zadə əlavə edib ki, hazırda bu işə sərmayə qoymaq istəyən sahibkarlar yoxdur:
"Eyni zamanda, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün özəl duzsuzlaşdırma qurğuları da yoxdur. Hazırda yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft" ASC) balansında olan duzsuzlaşdırma müəssisəsi var".
R.Səttar-zadə bildirib ki, zavod yeni tikildikdə onun sutkada istehsal gücü 1000 kubmetr idisə, bu yaxınlarda bu göstərici 2000 kubmetrə çatdırılıb.
Ən çox oxunanlar
Son xəbərlər