Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dairələr niyə və necə ləğv edildi? – MSK-nın şok mesajı

Baxılıb: 745     Tarix: 14-02-2020 13:19   
 
2020-ci il 9 fevral seçkiləri bir çox parametrlərinə görə ölkə tarixinə düşəcək.
Əvvəla ona görə ki, bu seçkilərə ümid böyük idi və çoxsaylı namizəd seçkiyə qatılmışdı. İlkin mərhələdə iddiaçıların sayı hətta 2400-ü aşırdı, ən sonda isə 1314 nəfər namizəd olaraq seçkiyə qatıldı.
125 mandat uğrunda bu qədər şəxsin mübarizə aparması fərqli bir mənzərə ortaya çıxarır.
İkinci, namizədliyini geri çəkmək istəyənlərə MSK sədri səviyyəsində dəfələrlə müraciət olundu, onlardan az qala xahiş edilirdi ki, seçkiyə girsinlər. Mərkəzi Seçki Komissiyası həm də dairələrin qeydə almadığı namizədlərlə də bağlı olduqca pozitiv addımlar atdı: xırda qüsurlara belə göz yumuldu və namizədliklər qeydə alındı.
Namizədlərin çox olması seçki ab-havası, seçicilərin fəallaşması və taleyüklü məsələdə xalqın rəyinin ifadəsi baxımından önəmlidir və hesab etmək olar ki, bu qərar ölkənin birinci şəxsinin iradəsi idi.
Seçki prosesi və seçki günü bu qəti siyasi iradənin necə icra edildiyi barədə müzakirələr açmaq olar, fakt odur ki, seçkiyə bu əhvalla girildi.
Seçkiyə namizədlər hazır idimi?
Seçki axşamı MSK sədri Məzahir Pənahovun bu vaxta qədər sezilməyən, görünməyən bir baxış ortaya qoyması göstərdi ki, bu seçki əvvəlkilərdən tamamilə fərqli bir mənzərə yaradıb.
Məzahir Pənahov bildirdi ki, MSK-ya seçki pozuntusu ilə bağlı müraciətlər 100-ü aşmır, onların da böyük əksəriyyəti texniki səbəblərlə bağlıdır və yerindəcə həll edilib: məsələn, adının seçici siyahısında olmaması, müşahidəçinin seçki qutusunu normal görə bilməməsi və s.
Ancaq M.Pənahovun sosial şəbəkələrdə yayılan seçki pozuntusuna aid görüntüləri rəsmi müraciət olmasa belə, araşdırmaya alacaqlarını və həddən artıq diqqətlə izləyəcəklərini bildirməsi yeni baxış idi.
Bəli, MSK bu seçkilərə tamamilə fərqli baxış ortaya qoydu. Bu faktı deyəsən, əksəriyyət nəzərdən qaçırmışdı və sosial şəbəkələrin imkanlarını diqqətə almamışdılar.
MSK nəyi sübut etdi?
4 dairə ləğv olunub, 20-yə qədər şikayət araşdırılması üçün dairələrə göndərilib və həmin dairələrdə bəzi məntəqələrin ləğvi, hətta lider namizədin dəyişməsi ehtimalı istisna deyil.
Ləğv olunan dairələrdən biri 35 saylı Xətai üçüncü seçki dairəsidir – Rauf Arifoğlu və İqbal Ağazadənin “savaş” meydanı.
Bu dairə nəticəsi ləğv edilən digər dairələrdən kəskin fərqlənir. Hesab edirəm ki, 35-ci dairə - bir sınaq meydanı idi və məncə, 2025 və yaxud 2030-cu ilə hazırlıq məqsədi daşıyır.
Bu dairədə iki nüfuzlu şəxsin toqquşması zamanı ortaya çıxdı ki, hələ dairə və məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri seçkiyə hazır deyillər – onları çox rahatlıqla “almaq” mümkündür. Yəni dairə və məntəqənin dövlətdən maaş alan üzvü namizədlərdən birinin girovuna çevrilə bilərmiş (Bu barədə ayrıca yazıya ehtiyac var).
Ümid edək ki, nəticələri ləğv ediləndən sonra yenidən təşkil ediləcək dairə və məntəqələrdəki üzvlər daha diqqətlə seçiləcək və yaxud onlarla iş daha mükəmməl qurulacaq.
Nəticəsi ləğv edilən digər 3 dairə ilə bağlı qərarda isə MSK daha ciddi siyasi iradəyə tabe olduğunu nümayiş etdirdi: sübut olundu ki, “ən uzaqvuran toplara” belə yeni seçki sistemində güzəşt olmayacaq.
Bu, MSK-nın 2025 mesajıdır: seçkiyə girənlər hansı düşərgədə olmasından və necəliyindən asılı olmayaraq, ilk növbədə seçicinin dəstəyini almalıdırlar, ondan sonra YAP-ın dəstəyinə arxalana bilərlər.
MSK-nın daha bir mesajı xalqa idi: faktları əks etdirən istənilən görüntü bundan sonra hesaba alınacaq. Və Məzahir Pənahov sosial şəbəkə istifadəçilərinə dönə-dönə təşəkkür etməklə, seçki pozuntusu ilə üzləşmiş bütün namizədlərin ağzını hüquqi müstəviyə yönəltdi.
Seçki prosesinə qatılan namizədlər dünənə qədər MSK-nın önünə gəlməyə və yaxud küçəyə çıxmağa meyilli idilərsə, dünən onlar üçün fərqli bir mənzərə açıldı: Niyə pozuntular aktlaşdırılmayıb? Niyə DSK-lara vaxtında müraciət edilməyib? Niyə müşahidəçilərlə peşəkar iş aparılmayıb?
Hazırda namizədlərdən bir çoxunun gecəni də yatmadan, bu faktları sistemləşdirməyə çalışdığı və şikayətləri hüquqi prosedura uyğun hazırladığı haqda tam səhih məlumatlarımız var. Onlar etiraf edirlər ki, MSK-nın bu baxış bucağını gözləmirdilər, belə olacağını bilmirdilər...
Hazırlıqsız, hüquqi baxımdan “silahlanmayan” namizədlərin qarşısına hüququn qapısının taybatay açılması 9 fevral 2020 seçkisinin tarixi əhəmiyyətidir.
MSK-nın münasibəti göstərdi ki, siyasi iradə də, istək də var, qalır dairə və məntəqə seçki komissiyalarında seçki təsəvvürünün dəyişməsi və seçkiyə girən namizədlərin mükəmməl şəkildə hüquqi prosesləri mənimsəməsi.
Bu da 2025-ə bir mesajdır yəqin ki!
Etiraf edək ki, bu seçkinin qalibi Mərkəzi Seçki Komissiyasıdır – nə dairələr, nə də məntəqələr, nə də namizədlər.
Deyəsən, doğrudan da bizdə “katarsis” YUXARIDAN başlayıb – Birinci şəxsin iradəsi və seçki komissiyalarının ali orqanından.
Bu prosesin davamlı olması üçünsə o uduzan namizədlər də daxil olmaqla, ümumilikdə bütün intellegensiya özünü dəyişməlidir...шаблоны для dle 11.2



Ən çox oxunanlar