Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Mehriban Əliyeva: "Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır"

Baxılıb: 541     Tarix: 26-09-2018 09:38   
Sentyabrın 25-də Romadakı Custiniani sarayında "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri" adlı konfrans keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati konfransın açılışında iştirak ediblər.
Konfransı açan İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətindən bəhs edib. O, İtaliya-Azərbaycan əlaqələrinin çox yüksək səviyyədə inkişaf etdiyini bildirib və ikitərəfli strateji əməkdaşlığın önəmini qeyd edib. İki ölkə arasında əlaqələrin hər bir sahədə inkişaf etdiyini deyən Rossana Boldi Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb. O, Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrin bu ölkənin mədəni irsinin qorunması baxımından önəmli olduğunu söyləyib.
İtaliyada bu cür əhəmiyyətli konfransın keçirilməsinin önəmini qeyd edən İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati deyib: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin İtaliyada qeyd olunması bizim üçün bir şərəfdir. Bu tədbirin burada keçirilməsinin çox böyük önəmi var. Çünki bu binada İtaliyanın Konstitusiyası imzalanıb. Bu il biz Konstitusiyanın imzalanmasının 70 illiyini qeyd edirik".
100 il bundan əvvəl Azərbaycan Respublikasının parlamentində ilk dəfə olaraq seçkilərin keçirildiyini, qadınlara tam seçki hüququnun verildiyini qeyd edən Senatın sədri bildirib ki, bu, regionun tarixində önəmli bir addım idi. Həmçinin Azərbaycan parlamentində bir çox millətlərin nümayəndələrinin təmsil olunması mürəkkəb bir dövrdə ölkənin tarixində əhəmiyyətli bir iz buraxıb.
Azərbaycan-İtaliya əlaqələrinə toxunan Maria Elisabetta Alberti Kasellati ölkələrimiz arasındakı münasibətlərin qədim tarixinin olduğunu bildirib.
Heydər Əliyev Fondunun İtaliya üçün çox xüsusi əhəmiyyətə malik tarixi-mədəni abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edən Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı roluna görə təşəkkür edib.
Azərbaycanın "Milan Expo 2015" beynəlxalq sərgisindəki pavilyonunun ən çox ziyarət olunan və yüksək dəyərləndirilən povilyonlardan biri olduğunu qeyd edən Maria Elisabetta Alberti Kasellati deyib: "Bu gün Azərbaycan Qafqaz ölkələrindən biri kimi həm siyasi, həm də iqtisadi baxımdan Aralıq dənizi ölkələrinin həyatında çox böyük rol oynayır. İtaliya Azərbaycandan enerji idxal edən birinci ölkələrdəndir. Bu gün İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də neft sənayesinin inkişafına təkan verir".
Senatın sədri İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edən Maria Elisabetta Alberti Kasellati qeyd edib ki, bu gün iki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşır, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir.
Maria Elisabetta Alberti Kasellati terrorizmin və ekstremizmin cərəyan etdiyi bir dövrdə təhlükəsizliyin təmini üçün ölkələr və xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq Qərb ilə Şərq arasında körpü rolunu oynayan, Avropa İttifaqının önəmli tərəfdaşı, İtaliyanın tarixi dostu olan Azərbaycanın bu istiqamətdəki rolunu xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva konfransda çıxış edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli İtaliya Respublikası Senatının sədri xanım Kasellati.
Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, əziz dostlar.
Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. İlk növbədə, İtaliya Senatında Azərbaycana həsr olunmuş tədbirin keçirilməsində bizə dəstək göstərdiyinizə gözə, xanım sədr, Sizə dərin minnətdarlığımı bildirirəm.
Bugünkü konfrans ölkəmizin taleyində çox əhəmiyyətli bir hadisəyə həsr olunub. 100 il bundan əvvəl müsəlman aləminin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il davam etdi. Biz fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan xalqı mütərəqqi və azadlıq ideyalarına əsaslanaraq öz müstəqilliyini əldə etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ölkəmiz üçün çox vacib olan addımlar atdı. Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, çoxmillətli parlament fəaliyyətə başladı, ölkə üçün 200-dən çox vacib qanunlar qəbul edildi, o cümlədən Azərbaycan qadınlarına səsvermə hüququ verildi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açıldı, Azərbaycanın dövlət bayrağı təsis olundu, milli ordumuz yarandı. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşadı. Ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək müstəqilliyini itirdi.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi və Azərbaycan xalqı öz ölkəsinə, öz taleyinə sahib oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçiliyinin əsaslarının təməlini qoyub. Bu gün Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, ölkəmizdə və Azərbaycana tərəfdaş olan ölkələrdə 100 illik yubileyə həsr olunmuş tədbirlər keçirilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir. Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiya fəaliyyət göstərir. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə qəbul edilmişdir. Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə İtaliyada rəsmi səfərdə olmuşdur. Bu ilin iyul ayında İtaliya Respublikasının Prezidenti cənab Mattarella Azərbaycanda səfərdə olmuşdur. Bu, tarixi bir hadisədir. Çünki İtaliya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə idi ki, İtaliya Respublikasının dövlət başçısı ölkəmizdə səfərdə olmuşdur. Səfər çox uğurla keçdi və əminəm ki, ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.
Ölkəmizdə səfərdə olan zaman cənab Prezident Mattarella məni Böyük Xaç Kavaleri ordeni ilə təltif etdi. Bu, mənim üçün böyük şərəfdir və fürsətdən istifadə edərək bir daha cənab Prezidentə öz dərin minnətdarlığımı çatdırmaq istəyirəm.
İqtisadi əlaqələrimiz çox gözəl müsbət dinamika göstərir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb.
Bu ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıtda SOCAR Polimer layihəsi çərçivəsində polipropilen zavodunun açılışı olmuşdur. Bu zavodun tikintisinin podratçısı İtaliyanın "Maire Tecnimont" şirkətidir. Cari ilin fevral ayında "Maire Tecnimont" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Heydər Əliyev adında Bakı neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması haqqında müqavilə bağlanmışdır. Təkcə bu layihələrin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. "Maire Tecnimont" şirkətinin bu layihələrdə payı 1,3 milyard dollardır. Bu rəqəmlər bir tərəfdən Azərbaycan ilə İtaliya arasında olan iqtisadi əlaqələrin miqyasını, digər tərəfdən ölkəmizdə mövcud olan iqtisadi inkişafın dinamikasını və miqyaslarını göstərir.
Azərbaycanda son 15 ildə iqtisadiyyat 3,2 dəfə artmışdır. Ölkəyə 250 milyard dollar investisiya qoyulmuşdur. Bu investisiyaların təxminən yarısı xarici investorlar tərəfindən ölkəmizə gətirilmişdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Biz sosialyönümlü siyasət aparırıq. Son illər ölkəmizdə işsizliyin səviyyəsi kəskin şəkildə enmişdir və cəmi 5 faiz təşkil edir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşmüşdür. Davos Dünya İqtisadi Forumu Azərbaycanın iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerə layiq görmüşdür. İnklüziv İnkişaf İndeksinə görə Azərbaycan inkişaf edən ölkələr arasında 3-cü yerdədir. Bütün bu göstəricilər onu göstərir ki, Azərbaycanda həm iqtisadi, həm siyasi baxımdan çox sabit vəziyyət yaranıb, investisiyalar üçün çox gözəl mühit var. Biz İtaliya şirkətlərini ölkəmizə dəvət edirik, mövcud olan şəraitdən istifadə etmək üçün bütün qapılar açıqdır.
Azərbaycan regionun aparıcı dövlətidir. Bütün irimiqyaslı layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı oldu və bu dəmir yolu istifadəyə verildi. Bu, Avropa ilə Asiyanı bağlayan ən qısa yoldur.
Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Azərbaycan tərəfdaş ölkələrlə "Cənub Qaz Dəhlizi" layihəsini uğurla icra edib. Bu ilin may ayında layihənin Bakıda rəsmi açılışı oldu. Layihənin böyük hissəsini təşkil edən TANAP boru kəmərinin açılışı bu ilin iyun ayında Türkiyənin Əskişəhər şəhərində olmuşdur. Ümumi dəyəri 40 milyard dollar olan bu layihə Azərbaycan qazını Avropaya nəql edəcəkdir.
Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə mütəmadi şəkildə multikulturalizmə həsr olunmuş beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq forumu keçirilir. Azərbaycanın bu təşəbbüsü BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir. 2008-ci ildə Bakıda Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilmişdir. Bu təşəbbüsə "Bakı Prosesi" adı verilmişdir. "Bakı Prosesi" bu il 10 illiyini qeyd edir. Bu proses davam edir, millətlər və xalqlar arasında səmərəli dialoqun qurulmasına xidmət edir.
Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insan, o cümlədən qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürülmüşdür. Mindən çox insan itkin düşmüşdür. On dörd ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan beynəlxalq hüququn normalarını kobudcasına pozaraq işğalçı siyasətini davam etdirir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər ölkədir, biz danışıqlar aparırıq. Biz hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır. Ümidvaram ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin həllində böyük rol oynayacaq.
Əziz dostlar, mən bir daha qeyd etmək istəyirəm ki, sizin gözəl Roma şəhərində yenidən olmağımdan çox şadam. Mən böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bizim əlaqələrimiz - siyasi, iqtisadi və humanitar əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir. Mən xüsusən humanitar sahədə olan əlaqələri qeyd etmək istəyirəm. Xanım sədr bu haqda söylədi, hesab edirəm ki, insanları və xalqları bir-birinə daha yaxın edən, daha dost mühit yaradan məhz humanitar sahədir, elmdir, mədəniyyətdir, təhsildir və bu sahələrdə biz böyük nailiyyətlər əldə etmişik. Mən bir daha böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, İtaliya-Azərbaycan münasibətləri müsbət dinamika ilə inkişaf edir. Əminəm ki, xalqlarımız arasında olan dostluq münasibətləri bundan sonra da güclənəcəkdir.
Mən sizin hər birinizə bu tədbirdə iştirak etdiyinizə, qonaqpərvərliyinizə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.
X X X
Sonra konfrans işini panel iclaslarla davam etdirib. Çıxışlarda tədbirin əhəmiyyəti xüsusi qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində atdığı mütərəqqi addımlardan ətraflı bəhs olunub. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Yüz il bundan əvvəl formalaşan Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması mühüm addım kimi qiymətləndirilib.
Çıxışlarda İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi vurğulanıb. Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərin inkişafına töhfəsi qeyd edilib.
Sonda Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa film nümayiş olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar