Müharibə təkcə səngərlərdə getmir - Politoloq
Baxılıb: 554 Tarix: 10-10-2018 15:01
Müharibə təkcə səngərlərdə getmir. Bu gün eyni zamanda diplomatik səviyyədə, informasiya müharibəsində ölkəmiz müsbət istiqamətdə addımlar atır.
Bu sözləri İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çıxışına münasibət bildirən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Prezident yekun nitqində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenə də Azərbaycan üçün ən prioritet istiqamət olduğunu bir daha qeyd etdi:
“Bu həm daxili, həm də xarici siyasətdə bizim üçün əsas istiqamətlərdən biridir. 9 aylıq yekuna nəzər salsaq, bir daha məlum olar ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə onlar danışıqlardan qaçırdılar. Buna görə də müəyyən qədər konstruktiv mövqenin yaranması istiqamətində müvafiq addımlar atılıb. Yenidən danışıqlar masasına qayıtmaq üçün qərar qəbul edilib. Paşinyan hakimiyyəti bir daha başa düşdü ki, separatçı rejim üçüncü tərəf kimi danışıqlarda iştirak edə bilməz. Məhz problem Azərbaycan və Ermənistan arasında həll edilməlidir. Eyni zamanda Azərbaycan Ordusu üçün güc variantı da prioritet istiqamət kimi qalmaqdadır”.
Politoloq vurğulayıb ki, istər hökumət rəhbərlərinin, istərsə də xarici işlər nazirlərinin görüşündə Azərbaycan bir daha bütün beynəlxalq normalara uyğun olaraq danışıqların aparılmasına hazır olduğunu bildirdi:
“Biz sülh yolu ilə problemin həllinə nail olmağa çalışırıq. ATƏT-in Minsk Qrupunun həmsədrləri də artıq müəyyən qədər deklorativ bəyanatlardan əl çəkməli və konkret danışıqlar üçün zəmin yaratmalıdır. Düşünürəm ki, son 9 ayda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən Azərbaycanın apardığı islahatlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda da özünü göstərir”.
Politoloq qeyd edib ki, çox təəssüf ki, beynəlxalq təşkilatlar məsələyə ikili standartlar kontekstindən yanaşır:
“Bu gün onlar ikili standartlara cavab verən bəyanatlarla yadda qalırlar. Lakin buna baxmayaraq, Azərbaycan beynəlxalq normalara, hüquq prinsiplərinə uyğun öz işini qurur. Azərbaycan Prezidenti öz yekun nitqində də bu məqamlara bir daha toxundu”.
Ən çox oxunanlar
Son xəbərlər