Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi
Baxılıb: 241 Tarix: 17-10-2021 14:24
Erməni millətçi və separatçıların 1988-ci ildən istər Elmənistan ərazisində, istərsə də Qarabağ bölgəsində yaşayan Azərbaycanlıların öz doğma yurd-yuvalarından çıxarılması siyasəti nəticəsində Azərbaycan 20 faiz torpaqlarından məhrum oldu. Bunun da nəticəsi idi ki, 1993-cü il oktyabrın 30-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun 1 şəhər, 5 qəsəbə və 83 kəndi işğala məruz qaldı, 45 mindən çox əhali Azərbaycanın 43 rayonunda qaçqınlıq həyatı yaşamağa məcbur oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlamış II Qarabağ müharibəsi düşmən üzərində şanlı Qələbə ilə başa çatdı. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. Cəbrayılın azad edilməsindən sonra zəngilana gedən qələbə yolu açıldı və qoşunlarımız bu torpaqları da düşmən tapdağından azad etmək üçün əməliyyatlara başladı. Oktyabrın 18-də Zəngilan uğrunda döyüşlər başlandı və artıq oktyabrın 20-də Prezident İlham Əliyev Zəngilanın azad edilməsi xəbərini xalqımıza çatdırdı. Üç gün davam edən döyüçlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər, onlardan şəhid olan və yaralananlar oldu.
Zəngilanın işğaldan azad olunması ilə 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlahdi.
Noyabrın 26-da Prezidentin Fərmanı ilə "Zəngilanın azad edilməsinə görə" medalı təsis edildi və Zəngilan uğrunda döyüşlərdə iştirak etmiş 6974 əsgər və zabit bu medalla təltif edildilər.
Dekabrın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva azad edilmiş Zəngilanda olan zaman bütün dünyaya bəyan etmişlər ki, Zəngilan əzəli Azərbaycan torpağıdır və burada çox tezliklə ikinci həyat başlayacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər. Cənab Prezident Zəngilanda görüləcək işlər haqqında danışarkən qeyd etdi ki, bizi burada böyük və təxirəsalınmaz işlər gözləyir. Birinci növbədə azad edilmiş torpaqlarımız minalardan təmizlənməli, təhlükəsiz zonaya çevrilməlidir. İnsanların bura qayıtması üçün kənd və qəsəbələr bərpa edilməlidir.
Zəngilanın bərpası, böyük Qayıdışın burada da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Qeyd olunduğu kimi burada qiymətli qızıl yataqları və bir çox faydalı qazıntılar var. Onların planlı şəkildə istismarı ölkəmizin inkişafına təsir göstərən yeni bir amildir.
Zəngilanın yenidən bərpası, kəndlərin dirçəldilməsi ölkənin kənd təsərrüfatına böyük töhvədir. Burada heyvandarlığın inkişaf etdirilməsi üçün böyük zəmin vardır. Hazırlanmış layihələrin həyata keçirilməsi Zəngilanın Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə böyük töhvə verməsi deməkdir. Bu işdə zəngilanlıların böyük rolu var. Onlar öz tarixi yurdlarına qayıtmaqla bu qədim azərbaycan torpağına ikinci həyat gətirəcəklər.
Fuad Heydər - politoloq
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər