“Bu, Fransa kəşfiyyatının imicinə böyük zərbədir”
Baxılıb: 594 Tarix: 22-12-2023 13:54
“Azərbaycanda Fransanın casus şəbəkəsinin fəaliyyət göstərməsi və ifşa edilməsi xəbəri heç kəsdə təəccüb doğurmadı. Uzun müddətdir ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Parisin buradakı əlaltılarının aşkara çıxarılması hüquq-mühafizə orqanlarımızın peşəkarlığından xəbər verir. Onların zərərsizləşdirilməsi Makron hökumətinin Azərbaycana qarşı çirkin siyasətinə, Fransa kəşfiyyatının imicinə böyük zərbədir”.
Qanunvehedef.az xəbər verir ki, bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşa olunmasına münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində Fransanın ifşa edilən casus şəbəkəsi, xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı fəaliyyətini gücləndirmişdi: “Biz sosial şəbəkələri izləyərkən açıq şəkildə görürük ki, bəzi qüvvələr Azərbaycanın qələbəsinə kölgə salmaq, ordumuza və dövlətimizə qara yaxmaqla məşğuldur. Vətən müharibəsindən öncə onlar Azərbaycan Ordusunun qələbə qazanmaq əzmində olmaması, müharibə zamanı isə Türkiyə hərbçilərinin, pakistanlıların, İŞİD üzvlərinin Qarabağda döyüşməsi kimi yalanları, şər-böhtanları tirajlayırdılar. 2022-ci ilin sentyabrında bir qədər də irəli gedərək “Azərbaycan Ordusu Ermənistan ərazisinə girib” kimi çox absurd, antimilli mövqe sərgiləyirdilər. Xankəndi, Xocalı və digər yaşayış məskənlərimiz işğalçılardan azad ediləndən sonra isə mülki ermənilərin hüquqlarının müdafiəsinə qalxdılar. Onlar hamısı eyni mərkəzdən idarə olunurdular. Şübhə yoxdur ki, bu mərkəz Ermənistanın böyük bacısı Fransada yerləşir və Paris tərəfindən maliyyələşdirilir”.
R.Alıyev qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik orqanları daxili və xarici təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl iş aparır və böyük uğurlar əldə edir: “Dünyanın inkişaf etmiş xüsusi xidmət orqanlarından biri olan Azərbaycanın təhlükəsizlik xidməti son illər çox böyük uğurlara imza atıb. Fransa kəşfiyyatının rezidentura şəbəkəsinin yüksək peşəkarlıqla ifşa olunması da bu silsilədən olan uğurlardan biridir. Azərbaycanın xüsusi xidmət orqanlarının Fransanın casus şəbəkəsini ifşa edəndən sonra prezident Emanuel Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etməsi təsadüfi deyil. Azərbaycanın hüquq-mühafizə orqanları təkcə Fransanın casus şəbəkəsini ifşa etmədi, Ermənistan və onun arxasında duraraq ölkəmizə qarşı çirkin kampaniya aparan bütün qüvvələrə, mərkəzlərə zərbə vurdu. Təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət qüvvələrinin həyata keçirdiyi mühacir alveri sayəsində Qərbi Avropada, xüsusilə də, Fransada “sığınacaq” tapmış bəzi ünsürlər anti-Azərbaycan kampaniyasında rol alıb, xarici kəşfiyyat orqanlarının çirkin oyunlarına alət olurlar. Bəzilərində Azərbaycan hakimiyyətinə, dövlətinə, xalqına qarşı nifrət o qədər güclüdür ki, istənilən antimilli ssenariyə qoşulmağa “hə” deyirlər. Xarici ölkələrin kəşfiyyat orqanları Azərbaycana qarşı fəaliyyətlərində əsasən iki “cəbhə” ilə əməkdaşlıq edirlər. Müxalifətin radikal qanadı və separatizmə meylli insanlar. Bunları şirnikləşdirərək casus şəbəkəsinə cəlb etmək xarici xüsusi xidmət orqanları üçün daha asandır”.
Politoloq hesab edir ki, növbədənkənar prezident seçkiləri öncəsi casus şəbəkəsinin zərərsizləşdirilməsi olduqca vacib idi: “Seçki dövrü xarici kəşfiyyat orqanları üçün təxribat törətmək, xalqla dövlət arasında etimadsızlıq yaratmaq baxımından ən münasib zaman hesab olunur. Onlar öz fəaliyyətlərini məhz bu ərəfədə gücləndirirlər. Təbii ki onların buradakı şəbəkələri seçki prosesini pozmaq, seçicilərin iradəsində ciddi təsir göstərmək gücündə deyillər. Düşünürəm ki, Fransa kimi inkişaf etmiş bir ölkənin rezidentura şəbəkəsinin ifşa edilməsi digər ölkələrə və onların əlaltılarına ibrət dərsi olmalıdır. Bütün dünya gördü ki, Azərbaycanın güclü, peşəkar xüsusi xidmət orqanları var və onların nəzarət etdiyi coğrafiyada hansısa təxribat planını həyata keçirmək mümkün deyil”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər