Əməkdar idman ustası Prezidentə məktub yazdı
Baxılıb: 875 Tarix: 25-05-2020 15:43
Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə respublikamızın bütün guşələrindən vətəndaşlarımız Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.
Qanunvehedef.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Gəncə şəhərindən Sevda Abdullayeva yazır: “Hörmətli cənab Prezident, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun!”.
Masallı rayonunun Ərkivan qəsəbəsindən şagird İntiqam İsmayılov: “Hörmətli cənab Prezident, mən Masallı rayonunun Ərkivan qəsəbəsindəki orta məktəbin 6-cı sinif şagirdiyəm. Kəndimizin bütün məktəbliləri adından Sizə böyük təşəkkür etmək istəyirəm. Koronavirus pandemiyası bütün dünyanı ağır sınaqlara çəkdi. Belə bir vaxtda Sizin xalqımıza, xüsusın uşaqlara qayğınız bizi qorudu. Biz məktəblilər də daha yaxşı oxumağa, dərslərimizdən geri qalmamağa çalışacağıq. Bu virus Allahın yardımı, Sizin əvvəldən gördüyünüz tədbirlərin köməyi ilə yox olub gedəcək. Buna görə Sizə təşəkkür edirəm. İnşallah, biz əvvəlki günlərə dönəcək, yenə qayğısız, xoşbəxt yaşayacağıq.
Hacıqabul rayonundan idmançı Elnur Şəfiyev: “Möhtərəm cənab Prezident, bir gənc olaraq gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atdığınız addımlar, gördüyünüz qabaqcıl tədbirlər, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu vəziyyətdən az itkilərlə çıxarmağa zəmin yaradır. Hörmətli cənab Prezident, yüksək nüfuzunuza söykənərək, qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətini yüz qat artırdınız. “Biz birlikdə güclüyük!” devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gənci ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı düşünürsünüz. Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda, rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik”.
Beyləqan rayonundan Gülnar Bayramova: “Cənab Prezident, Sizin və Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə koronavirus təhlükəsi tezliklə aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcək. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin!”.
Ən çox oxunanlar
Son xəbərlər