İlham Əliyev Cəbrayılda... - Foto
Baxılıb: 311 Tarix: 05-10-2021 11:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.
Qanunvehedef.az xəbər verir ki, Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı burada Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov və “KamAZ” ASC-nin baş direktorunun müavini Rüstəm Şamsutdinovla görüşüb.
Albert Kərimov Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Rüstəm Minnixanovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tatarıstan Prezidentinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı Rüstəm Minnixanovla keçirdiyi görüşləri xatırladıb.
Tatarıstan Respublikasının Baş nazirinin müavini Füzuli Beynəlxalq Hava Limanına endiklərini bildirib və bu hava limanının yüksək səviyyədə yaradıldığını qeyd edib.
Bildirilib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq “KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“KamAZ” ASC-nin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. “KamAZ”ın ilk partiyası 2015-ci ildə buraxılıb. Hazırda orada 8 model “KamAZ” buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə yükdaşımalarının həcmi artacaq.
***
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.
Dövlət başçısına sənaye parkı haqqında məlumat verilib.
Bildirildi ki, Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.
Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.
Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.
***
Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.
Prezident İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.
Dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.
“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib.
Prezident, Silahlı Qüvvə¬lərin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində iştirak etməsi münasibətilə hərbi hissədə mərmər yaddaş daşı və lövhəsi quraş¬dırılıb.
Hərbi hissənin silah və döyüş texnikası arsenalına “Harop” və “Quzğun” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir.
Prezident İlham Əliyev zirehli döyüş avtomobilini idarə etdi, “Harop” pilotsuz uçuş aparatlarına baxdı.
Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataq¬xanası, şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən iş otaqları, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir. Kompleksin təlim şəhərciyində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi üzrə məşqlərin təşkili, atış poliqonunda müxtəlif cür atıcı və iriçaplı silahlardan atışların keçirilməsi və nəticələrinin qiymətlən¬dirilməsi, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləş¬dirilməsinə imkan verən zəruri şərait yaradılıb. İdman şəhərciyində hərbi qulluqçuların idman¬la məşğul olmaları üçün futbol və voleybol meydançaları, həmçinin ən müasir standartlara uyğun avadanlıqlar və alətlərlə təchiz olunan idman zalı vardır. Ərazidə əsaslı abadlıq işləri aparılıb.
***
Oktyabrın 4-də Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib.
Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.
Prezident İlham Əliyev Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu.
***
Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
***
Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.
Ən çox oxunanlar
Son xəbərlər