KƏRKİ VƏ QAZAĞIN 7 KƏNDİ ƏVƏZİNƏ BAŞKƏND? - "Bu ola bilməz və olmayacaq da..."
Baxılıb: 199 Tarix: 27-10-2021 10:31
İstinad olunsa, o zaman 1920-ci il 27 apreldə qurulmuş Azərbaycan SSRİ-nin ərazilərinə istinad olunmalıdır"
Rusiya prezidenti Vladimir Putinin “Valday” klubundakı çıxışı bir çox Azərbaycan ərazilərinin - vaxtilə işğal olunmuş Kərki, Qazağın 7 kəndi və Gədəbəyin Başkəndinin taleyini də gündəmə gətirib. Putinin “Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır” sözləri delimitasiyanın hansı xəritə əsasında aparıla biləcəyinə işarədir.
Qeyri-rəsmi məlumatlara görə, delimitasiyada 1975-ci ilin xəritəsi əsas götürülür. Putin bildirir ki, “orada qarşılıqlı güzəşt tələb edən məsələlər var”. Bakı üçün “böyük itkilərdən” söhbət gedə bilməz: işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkib və proses yanlış sərhədin düzəlməsi istiqamətində gedir. Bu səbəbdən Bakının tələbləri daha əsaslı və haqlıdır. Bakı Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndinin təhvil verilməsini istəyir. Gədəbəyin Başkənd kəndinə gəlincə, Ermənistan 7+1 kəndə qarşı SSRİ-də “erməni anklavı” hesab edilən bu kəndi istəyir.
Deputat Arzu Nağıyev musavat.com-a açıqlamasında Başkəndin geri qaytarılacağına heç bir halda inanmadığını deyib: “Burada əsas məsələ budur ki, Putinə bu sual verən şəxs İranın nümayəndəsi idi. Bu sualın verilməsində ola bilsin ki, siyasi məqsədlər də var idi. Putinin cavabından məlum oldu ki, bu proseslərə hansısa kənar müdaxilə ola bilməz. Bu məsələ Rusiyanın köməkliyi ilə həll olunacaq. Burada məqam ondan ibarətdir ki, Paşinyan hakimiyyətə gələndən sonra Arxitektura Komitəsini ləğv edib. Orada demilitasiya və demarkasiya ilə məşğul olacaq qurum yoxdur. Bu gün Azərbaycan və Ermənistan arasında bununla bağlı hər hansı bir komissiya yoxdur. Yəqin ki, sülh müqaviləsindən, Azərbaycanın ərazi bütövlüyü tanınandan sonra bu məsələyə qayıdılacaq. İndi hansı xəritəyə, hansı ilin xəritəsinə istinad ediləcək, bu artıq ikinci məsələdir. Düşünmürəm ki, hansısa anklavın verilib, yaxud alınmasından söhbət gedə bilər. Burada söhbət Zəngəzur dəhlizindən, Qazağın 7 kəndindən gedir ki, haradan o kommunikasiyalar keçəcək. Başkənd və digər anklavlara istinad edə bilməzlər.
Hər ehtimala qarşı onu qeyd etmək istəyirəm ki, ərazi mübadiləsi məsələsi ortaya çıxsa belə, hər hansı bir Azərbaycan torpağının onlara verilməsindən söhbət gedə bilməz. Gədəbəy, Qazax kimi yerlərdə olan ərazilərdə vaxtilə əkin-biçin sahəsi olsa da, tikinti işləri ilə həmin yerləri erməniləşdirmə prosesi aparılıb. Bütün bunlar o demək deyil ki, həmin ərazilər Ermənistana məxsus torpaqdır. Həmin ərazilər də əzəli Azərbaycan torpaqlarıdır. O ərazilərə istinad olunsa, böyük yüksəkliklər göstəriləcək. Xəritələrdə yüksəkliklərdən söhbət gedir. Azərbaycanın tərkibində olan kəndlərin verilməsi çox absurd bir məsələ olardı. Bu ola bilməz və olmayacaq da...”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli də Başkəndin güzəştə gedilməyəcəyini düşünür: ““Valday”da Rusiya prezidentinin də çıxışı göstərdi ki, müəyyən razılaşmalar var və bunu yekunlaşdırmaq lazımdır. Amma istinad edilən xəritələr olmalıdır. 20-ci illərin xəritələri ilə bağlı üstüörtülü mesaj da keçdi. Təbii ki, sovet respublikaları arasında sərhəd o vaxt necə olubsa, bu, baş qərargahdadır. Həmin xəritələr səsləndiriləndə 114 min kvadrat kilometrlik Xalq Cümhuriyyəti və 86.6 min kvadrat kilometrlik Azərbaycan SSRİ göz önünə çıxır. Ortada 28 min kvadrat kilometrlik fərq ortaya çıxır. Bunun da böyük əksəriyyəti Ermənistana verilmiş ərazilərdir. Burada təbii ki, Gürcüstana da verilmiş ərazilər var. Delimitasiyanın hansı xəritələr əsasında aparılması hazırda əsas suallardan biridir. İstinad olunsa, o zaman 1920-ci il 27 apreldə qurulmuş Azərbaycan SSRİ-nin ərazilərinə istinad olunmalıdır. Ən doğrusu da budur. Bu proseslərin həyata keçirilməsində mütləq bir mənbəyə istinad etmək lazımdır. 1975-ci il xəritəsi istinad kimi göstərilə bilməz. Bu, erməni tərəfin fikridir. Burada əsas məsələlərdən biri də Başkənddir. Başqa əraziləmizdən fərqli olaraq, bu kənd qəhrəman igidlərimiz tərəfindən azad edilib. Azərbaycan tərəfi bu kəndi müzakirə mövzusuna belə çıxarmayacaq. Heç bir halda Başkənd güzəştə gedilə bilməz. Bu ərazi Gədəbəy, Tovuz və Şəmkirin təhlükəsizliyini təmin edən əsas nöqtələrdən biridir. Şınıxın 28 kəndi də daha çox təhlükə altına düşər. Qazağın 7 kəndinin və Naxçıvanın Kərki ərazisinin Azərbaycana verilməsi bizim haqqımızdır. Anklavların dəyişdirilməsində biz ancaq ermənilər üçün bəzi imkanlar tanıya bilərik. Məsələn, Başkəndə vaxtilə yaşamış bir neçə erməni geri dönə bilər. Onların təhlükəsizliyini təmin edə bilərik. Amma Kərki və Qazağın 7 kəndi faktiki işğal olunub. Başkənd qanuni şəkildə ərazimiz olub. Bu ərazi o zamankı rəhbərlərimizin səriştəsizliyi ucbatından ermənilərə verilib. Azərbaycan içərisində bununla bir bomba yaradıblar. Burada ermənilərə qarşı açılmış təzminat davası da mühüm rol oynaya bilər. Hansı ki, bu bir neçə milyardlıq qiymətə malikdir. Bunların əvəzində mütləq kəndlərimizi qaytara bilərik, o cümlədən Zəngəzur istiqamətində".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər